“AzInTelecom” MMC 2019-cu ili 46 milyon 842 min manat xalis mənfəətlə başa vurub. 2018-ci ili isə “AzInTelecom” 163 milyon 948 min manat xalis mənfəətlə bağlamışdı. Belə ki, illik müqayisədə “AzInTelecom” un mənfəəti 3.5 dəfə azalıb.
Banker.az bu barədə maliyyə hesabatına istinadən xəbər verir.
“AzInTelecom”un gəlirləri 2019-cu ildə 461 milyon 306 min manat, ümumi və inzibati xərcləri 119 milyon 859 min manat, digər gəlirləri 1 milyon 776 min manat, digər xərcləri 1 milyon 77 min manat, mənfəət vergisi isə 36 milyon 615 min manat olub.
Ötən il “AzInTelecom”un aktivləri 1 milyard 464 milyon 353 min manat olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə aktivlərin 78 milyon 289 min manat və yaxud 5% azalması deməkdir.
Şirkətin öhdəlikləri 9 milyon 400 min manat artaraq 710 milyon 563 min manata qalxıb, kapitalı isə 87 milyon 688 min manat azalaraq 753 milyon 790 min manat olub.
Bildirək ki, “AzInTelecom” MMC-nin nizamnamə kapitalı 8 146 manatdır və qanuni təmsilçisi Leyla Məmmədovadır. “AzInTelecom” MMC 2015-ci ilin iyun ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarı ilə yaradılıb. Onun fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış data mərkəzi nəzdində “AZCLOUD” bulud xidmətlərdən ibarətdir.