®Azerconnect Group və qlobal texnologiya nəhəngi NVIDIA arasında tərəfdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilə Azerconnect Group-un baş direktoru Emil Məsimov və NVIDIA-nın baş vitse-prezidenti Cef Fişer tərəfindən ABŞ-də imzalanıb. Əməkdaşlığın ilkin mərhələsində Azerconnect Group GeForce NOW xidmətini təqdim edəcək.
ABŞ səfəri zamanı Azerconnect Group rəhbərliyi, NVIDIA-nın telekommunikasiya sahəsində biznesin inkişafı üzrə qlobal vitse-prezidenti Kris Penrouzun rəhbərlik etdiyi komanda ilə görüşlər keçirib. Əməkdaşlığın növbəti mərhələsi üçün süni intellekt əsaslı şəbəkələr, 6G infrastrukturu və süni intellekt data mərkəzinin yaradılması prioritet istiqamətlər olaraq müəyyən edilib.
“NVIDIA ilə rəsmi tərəfdaşlıq qlobal texnologiya liderləri ilə əməkdaşlığımızın yeni strateji mərhələsinin başlanğıcıdır. Azerconnect Group olaraq rəqəmsal xidmətlər portfelinin daha da genişləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”, – deyə Emil Məsimov qeyd etmişdir.
NVIDIA ilə tərəfdaşlıq Azerconnect Group-un texnoloji imkanlarını daha da genişləndirərək süni intellekt əsaslı innovativ həllərin tətbiqini sürətləndirəcək.
Azerconnect Group haqqında:
Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.







