®11 Oktyabr – Beynəlxalq Qızlar Günü münasibətilə keçirilən kampaniya çərçivəsində bir qrup fəal gənc qızların Azerconnect şirkətinə tanışlıq səfəri təşkil olunub.
Ölkənin IT xidmətləri, kommunikasiya və yüksək texnologiyalar sahəsində lider şirkətlərdən biri olan Azerconnect-in fəaliyyəti barədə kampaniya iştirakçılarına ətraflı məlumat verilib.
Tədbir iştirakçıları Azerconnect şirkətində gender bərabərliyinin təşviqi, şirkət tərəfindən qadınarın liderlik bacarıqlarının inkişafı, cəmiyyətdə gənc qızların və qadınların İKT sahəsinə maraqlarının artırılması üzrə görülən işlər, planlaşdırılan fərqli maarifləndirici layihələr ilə tanış olub, şirkətin rəhbər şəxsləri ilə onları maraqlandıran suallar ətrafında müzakirələr aparıblar.
Ümumilikdə tədbirdə həssas əhali qruplarından (şəhid övladları, əlilliyi olan şəxslər, valideyn himayəsindən məhrum gənclər, internat məktəblərində təhsil alanlar) olan qızlar da daxil olmaqla 13-17 yaş arası 22 nəfər iştirak edib.
6-11 oktyabr tarixlərində kampaniyada iştirak edən qızlar Milli Məclis, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi, ADA Universiteti, “Azerconnect” və “AzerTelecom” şirkətlərini ziyarət ediblər.
Qeyd edək ki, kampaniya Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) icra etdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” və UNFPA və BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) tərəfindən həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramları çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi tərəfindən keçirilir. Kampaniyada fəal gənc qızların paytaxtda fəaliyyət göstərən hökumət və özəl qurumlara tanışlıq səfərləri təşkil olunur.
Azerconnect şirkəti ölkənin dinamik şəkildə inkişaf edən informasiya, kommunikasiya və yüksək texnologiyalar sahəsində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir. Azerconnect müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir