Beynəlxalq standartlar əsasında fəaliyyət göstərən “AzerGold” QSC istehsalat nəticəsində formalaşan civənin qanunamüvafiq şəkildə, ətraf mühitə və insan sağlamlığına zərər vurmadan utilizasiya edilməsi istiqamətində əməli tədbirlər həyata keçirir.
Banker.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, Çovdar filiz emalı sahəsində istismar işləri zamanı çıxarılan filizin tərkibində qızıl və gümüşlə yanaşı, həmçinin müəyyən miqdarda civə də mövcuddur. İnsan həyatı və ətraf mühit üçün təhlükəli olan bu element xüsusi civə tutan avadanlıqdan istifadə edilərək ayrılır və təhlükəsizlik qaydalarına tam riayət olunmaqla qəbul edilmiş xüsusi standartlara uyğun qablaşdırılır.
Hazırda dünya praktikasında civənin torpaqda basdırılması və təkrar istehsalda istifadəsi kimi iki utilizasiya üsulu mövcuddur. Birinci üsul dünyada daha geniş yayılsa da, insan sağlamlığına təhlükə yaradır və torpaqların çirkləndirilməsi ilə nəticələnir. Civənin təkrar istifadəyə yönləndirilməsi üçün satışı isə ekoloji cəhətdən daha səmərəli həll yolu olaraq çoxsaylı icazələrin alınması, təhlükəsiz daşınma şərtlərin təmin edilməsi, qeyri-leqal fəaliyyət predmeti olmamaqla, sırf istehsalda istifadə edilməsi üçün müvafiq təminatın verilməsi kimi müxtəlif tələblərlə müşayiət edilir. Ekoloji və sosial məsuliyyətin “AzerGold”un rioritetlərindən biri olduğu nəzərə alınaraq, şirkət daha mürəkkəb yolu seçməklə civənin təkrar emalda istifadəsinə yönləndirilməsini tətbiq etməkdədir.
Belə ki, istehsalat nəticəsində yaranan civənin satışı məqsədilə ilk olaraq yerli bazar araşdırılmış və tələbatın olmadığından sadalanan şərtlər çərçivəsində çoxsaylı xarici şirkətlərlə müvafiq danışıqlar aparılaraq bütün tələblərə cavab verən və daha sərfəli şərtlər təklif edən, həmçinin KYC (Know Your Customer), hüquqi və texniki audit (“due diligence”) şərtlərinə cavab verən Sinqapurun “Asia Mercury” şirkəti ilə müqavilə imzalanıb. Nəticədə “AzerGold” Çovdar filiz emalı sahəsində istehsalat prosesi zamanı tullantı qismində yaranan 1 163 kiloqram həcmində civə partiyasını Sinqapura uğurla ixrac edərək, həm ətraf mühitin mühafizəsinə töhvə verib, həm də 40 000 manata yaxın mənfəət əldə edib.
Xatırladaq ki, bu ilin yanvar ayında “Asia Mercury” şirkətinin direktorunun Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsinə səfəri baş tutub. Səfər çərçivəsində şirkət nümayəndəsi hasilat prosesi zamanı xammalın tərkibindən civənin təhlükəsizlik qaydalarına uyğun ayrılması və saxlanılması, yaradılmış şərait, müasir texnologiyaların tətbiqi, əməyin təhlükəsizliyi ilə bağlı görülmüş tədbirləri yüksək qiymətləndirib.
Baş tutan ixrac, bu prosesi beynəlxalq səviyyədə tənzimləyən, beynəlxalq Minamata Konvensiyasının tələbləri nəzərə alınmaqla reallaşdırılıb. Qeyd edək ki, Minamata Konvensiyasına əsasən civə tullantılarının insan sağlamlığı və ətraf mühitə təsirini önləmək məqsədilə sistemli tədbirlər həyata keçirilməlidir.