2 C
Baku
Saturday, December 14, 2024

“AzerGold” bu il 20 min metrdən çox qazma işi aparacaq

“AzerGold” QSC tərəfindən 2018-ci ildə bütün layihələr üzrə həyata keçirilməsi planlaşdırılan buruq-qazma işləri çərçivəsində qazılacaq quyuların ümumi dərinliyi 20 000 metrdən çox təşkil edəcək.

“AzerGold”dan Banker.az-a verilən məlumata görə, “AzerGold” QSC fəaliyyət göstərdiyi son iki ildə Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl mədənində hasilatın bərpası, qiymətli metalların ixracı və satışının təşkili, həmçinin istehsalat proseslərinin optimallaşdırılması işlərini başa çatdırıb.

Ölkə başçısının tapşırığı və Azərbaycan hökumətinin həyata keçirdiyi siyasi kursa uyğun olaraq “AzerGold” QSC-nin hədəfi yaxın gələcəkdə bır sıra mədənləri istismara verməklə dağ-mədən sənayesinin kompleks inkişafı, qeyri-neft sektoru üzrə gəlirlərin artırılması və ölkəyə valyuta axınının təmin edilməsi, regionların inkişafına dəstək, yeni iş yerlərinin açılması və bununla da əhalinin sosial rifahının yüksəldilməsidir. Bu məqsədlə Cəmiyyət geoloji-kəşfiyyat və tədqiqat işlərini davam etdirməkdədir.

Bildirilib ki, hazırda “AzerGold” QSC tərəfindən bir sıra yataq və perspektivli ərazilər üzrə kəşfiyyat işləri aparılır. Görülən işlərin məqsədi yeni əlvan metal yataqlarının kəşf edilməsi ilə yanaşı, məlum yataqların resurs və ehtiyatlarının artırılması, hesablanması və təsdiqlənməsidir.
Oksid (yerüstü) mərhələsi çərçivəsində istismarı davam edən “Çovdar” mədəninin növbəti mərhələsi olan sulfid (yeraltı) mərhələsi çərçivəsində qızıl, gümüş və mis ehtiyatlarının qiymətləndirilməsi üçün buruq-qazma işləri qrafik üzrə davam etdirilir. Qeyd edək ki, sulfid fazası çərçivəsində metallurji testlər aparılacaq, laborator analizlərin nəticələri təhlil ediləcək. Bu mərhələ üçün yekun texniki-iqtisadi əsaslandırma sənədinin xarici məsləhətçi şirkət tərəfindən cari ilin sonunda hazırlanması nəzərdə tutulub. Bununla yanaşı, Çovdar mədəninin yaxın və uzaq cinahlarında çöl sınaqlaşdırma işləri həyata keçirilir, perspektivli ərazilər üzrə geofiziki tədqiqatlar aparılır. Məhz bu tədqiqatlar sayəsində cari ildə “Çovdar” yatağından 5-7 kilometr məsafədə yerləşən “Ağyoxuş” perspektivli qızıl sahəsi aşkarlanıb, ərazidə kompleks geoloji tədqiqat işləri başlanılıb.

Qeyd edilib ki,Balakən rayonu ərazisində yerləşən “Köhnəmədən” sahəsində də geniş tədqiqat və kəşfiyyat işləri həyata keçirilir. Ehtiyatlarının həcminə görə Avropanın ikinci ən böyük yatağı hesab edilən və dünya polimetal yataqlarının ilk onluğuna daxil olan “Filizçay” yatağı üzrə metallurji testlərin, mühəndis-geoloji və hidrogeoloji tədqiqatların aparılması, həmçinin ətraf mühitin qiymətləndirilməsi sənədinin hazırlanması nəzərdə tutulub. “Filizçay” yatağında ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən cari ilin II rübündə hazır ediləcək. “Köhnəmədən”in digər yatağı – “Mazımçay” yatağında buruq-qazma işlərinin birinci mərhələsi başa çatdırılıb. Alınan nəticələr analiz üçün yerli və xarici laboratoriyalara göndərilib. İlkin nəticələr əsasında ərazidə növbəti mərhələ buruq-qazma işlərinin icrası planlaşdırılır. “Mazımçay” mis yatağının resurslarının artırılması və təsdiqlənməsi “Filizçay” layihəsinin iqtisadi səmərəliliyini artıra bilər.
Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən “Ortakənd-Xanağa” sahəsində 2017-ci ilin 4-cü rübündə kompleks geofiziki tədqiqatlar aparılıb və cari ildə buruq-qazma işlərinin başlanması planlaşdırılır.

Bildirilib ki, “AzerGold” QSC tərəfindən həyata keçirilən kəşfiyyat işləri yerli peşəkar geoloq və mütəxəssislər tərəfindən, həmçinin beynəlxalq ekspertlərin dəstəyi ilə icra olunur: “Geofiziki tədqiqat işləri Cəmiyyətin sifarişi ilə təchiz edilən ən müasir, naqilsiz geofiziki avadanlıq və proqram təminatı vasitəsi ilə həyata keçirilir ki, bu da məlumatların daha dolğun, düzgün və səmərəli olmasını təmin edir.

Tədqiqat işlərinin uğurla həyata keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti, Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutları, müvafiq yerli və xarici laboratoriyalar, həmçinin dünyanın aparıcı məsləhətçi şirkətləri olan “SRK Consulting”və “Micon International Limited” (Böyük Britaniya) şirkətləri ilə əməkdaşlıq edilir”.

Son xəbərlər
Digər xəbərlər