“AzerGold” QSC və Heydər Əliyev Mərkəzi “Qarabağ inciləri” mövzusunda Azərbaycan qızılından istehsal ediləcək sikkələrin dizayn müsabiqəsini elan edib.
“Dizayn müsabiqəsi şanlı Ordumuzun qələbəsinə və Azərbaycanın ayrılmaz parçası olan, işğaldan azad edilən Qarabağa həsr edilib. Müsabiqə Qarabağın qədim tarixini, mədəniyyətini, incəsənətini, qeyri-maddi mədəni irs nümunələrini ehtiva etməklə yeni və fərqli sikkə dizayn nümunələrinin seçilməsini hədəfləyir”, – deyə cəmiyyətin məlumatında bildirilir.
Müsabiqə elan olunduğu vaxtdan – 22.12.2020 tarixindən etibarən başlayır, müvafiq dizayn layihələrinin qəbulu üçün son tarix 01.02.2021-ci ildir.
Layihələr ölkənin tanınmış mədəniyyət xadimləri, rəssamlar və dizaynerlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən estetik görünüş, konseptual mövzu, unikallıq və tətbiqə yararlılıq kimi meyarlar nəzərə alınmaqla anonim qaydada qiymətləndiriləcək.
İlk 3 yerin qalibləri diplom və pul mükafatı (1-ci yer 3000 AZN, 2-ci yer 2000 AZN, 3-cü yer 1000 AZN) ilə təltif ediləcəklər.
Əlavə olaraq müsabiqəyə daxil olan bütün layihələrwww.azergold.giftsaytında onlayn səsverməyə çıxarılacaq. Ən çox səs toplayan layihə “İzləyici rəğbəti” nominasiyası üzrə qalib elan ediləcək və qalibə 1000 AZN məbləğində pul mükafatı təqdim olunacaq.
İştirakçılar hazırladıqları layihələriwww.azergold.gift/contest platforması vasitəsilə müsabiqənin rəsmi səhifəsinə yükləyə bilərlər.
«AzerGold» 2021-ci ildə qızıl və gümüşdən istehsal edilən külçə və sikkələrin yeni partiyasının hazırlanması üçün şirkət seçimi ilə bağlı tender keçirməyi planlaşdırır. Tender proseduru apreldə baş tutacaq.