Dövlət şirkəti “AzerGold” QSC Göygöl rayonunun inzibati ərazisində yerləşən “Tülallar” qızıl yatağında hasilat işlərinə başlayıb.
Bunu Banker.az dövlət şirkətinə istinadla xəbər verir.
“Tülallar” qızıl yatağı SSRİ dövründə kəşf edilmiş, lakin geniş tədqiq edilməmiş, 2017-ci ildən “AzerGold”un geoloqları tərəfindən geniş tədqiq edilərək, 2022-ci ildə beynəlxalq nüfuzlu məsləhətçi “Micon International Co Limited” şirkəti tərəfindən ilkin mərhələdə yerin təkində 298 min unsiya qızıl, çıxarılabilən həcm olaraq isə 85 min unsiya qızıl ehtiyatı hesablanıb təsdiqlənərək, dövlət balansına alınıb.
“Hazırda istismar müddəti 3 il nəzərdə tutulan qızıl yatağında hasilat işləri ilə paralel ehtiyatların artırılaraq, istismar müddətinin uzadılması üçün mədənin yaxın və uzaq cinahlarında, Göygöl-Daşkəsən inzibati rayonlarının ərazisinə təsadüf edən sahələrdə intensiv geoloji axtarış-qiymətləndirmə, ilkin geoloji-kəşfiyyat işləri davam etdirilir və artıq bir sıra minerallaşma zonaları aşkar edilib”- deyə, şirkət bildirir.
Perspektivli minerallaşma sahələrinin 2023-cü il ərzində maqnit və elektrik geofiziki tədqiqat üsulları ilə öyrənilməsi həyata keçiriləcəkdir. Bununla “Tülallar” yatağının çıxarılabilən ehtiyatlarının və istismar müddətinin ən azı 3 ildən 4 il 2 aya qədər artırılması əsas gözləntilər sırasındadır.
Xatırladaq ki, “Tülallar” hasilat sahələrinin genişləndirilməsi, respublikada “AzerGold” QSC-nin istismara verdiyi sayca 4-cü qızıl yatağıdır.
Səhmdar Cəmiyyətin Daşkəsən rayonunda istismara verilən “Çovdar”, “Ağyoxuş-1” və “Mərəh” qızıl yataqları ilə yanaşı, “Tülallar” qızıl yatağının resurslarının istehsalı prosesi də Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES), inşası cari il ərzində yekunlaşdırılacaq CIL (Carbon in Leach) zavodunda çən aşındırma metodu ilə həyata keçiriləcəkdir.