“AzerGold”un gəlirləri 46%, mənfəəti isə 2.5 dəfəyə yaxın artıb

Dövlət şirkəti “AzerGold” QSC və onun törəmə şirkətlərini əhatə edən Qrup 2025-ci ili əhəmiyyətli maliyyə artımı ilə başa vurub. Banker.az xəbər verir ki, “PwC” tərəfindən audit olunan konsolidə edilmiş maliyyə hesabatına müsbət rəy verilib.

Hesabata əsasən, Qrupun satış gəlirləri 2024-cü ildəki 182.69 mln. dollardan 2025-ci ildə 266.45 mln. dollara yüksələrək 45.8% artıb. Artım əsasən qızılın dünya bazarlarında bahalaşması, satış həcmlərinin yüksəlməsi və “AzerBlast” MMC-nin satışlarının artması ilə əlaqələndirilir. Təkcə keçən il ixracx üzrə satışları 225.7 mln. dollara yüksəlmişdi. Öncəki ildə bu rəqəm 167.1 mln. dollar idi.

2025-ci ildə Qrup 73.3 min unsiya qızıl və 93.2 min unsiya gümüş satıb.

Əməliyyat mənfəətini əks etdirən EBITDA göstəricisi illik müqayisədə 58.5% artaraq 89.88 mln. dollardan 142.48 mln. dollara çatıb. Xalis mənfəət isə 33.02 mln. dollardan 82.06 mln. dollara yüksələrək 148.5% artım göstərib.

Qrupun əsas şirkəti olan “AzerGold” QSC-nin xalis mənfəəti 34.97 mln. dollardan 81.59 mln. dollara (139.50 mln. manat) yüksələrək 133.3% artıb. “AzerBlast” MMC isə əvvəlki ildəki zərərdən çıxaraq 1.83 mln. dollar mənfəət əldə edib.

Bununla belə, istehsal və satış həcmlərinin artması fonunda maya dəyəri də yüksəlib. Qrupun satışlarının maya dəyəri illik müqayisədə 10.6% və ya 12.19 mln. dollar artıb. Artım əsasən material xərcləri və mədən vergisi ödənişlərinin yüksəlməsi ilə bağlı olub.

2025-ci ilin sonunda “AzerGold”un ümumi aktivləri 573.63 mln. dollara çatıb ki, bu da bir il əvvələ nisbətən 17.5% çoxdur. Xalis dövriyyə kapitalı isə 86.4% artaraq 196.11 mln. dollar olub.

Qrupun ümumi kapitalı da güclənərək 399.78 mln. dollardan 489.05 mln. dollara yüksəlib. Bu, illik müqayisədə 22.3% artım deməkdir.

Hesabat dövründə diqqət çəkən məqamlardan biri də kredit öhdəliklərinin tam bağlanması olub. Şirkət mövcud bank kreditlərini tam ödəyərək ili kredit borcu olmadan başa vurub. Nəticədə borc/kapital nisbəti 0.07-dən 0.04-ə enib.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər