3 C
Baku
Saturday, December 14, 2024

“Azeri Light” neft markası haqqında maraqlı faktlar

HAZIRDA DÜNYADA neft bazarında baş verən hadisələri və Azərbaycan iqtisadiyyatının neftin qiymətindən aslılığını nəzərə alaraq milli neft markamız olan “Azeri Light”-ın texniki göstəriciləri, üstünlükləri və qiyməti barədə maraqlı faktları qısa şəkildə izah etməyə çalışacam.

 Neft hasilatı dünyanın müxtəlif regionlarında aparılırdığına görə neft markaları keyfiyyəti və xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Qiymətlər də təbii ki, fərqli olacaq. Xam neftin hazırda 200-ə yaxın növü var və birja platformalarında onların hamısını eyni zamanda texniki cəhətədən göstərmək mümkün deyil. Bu səbəbdən beynəlxalq birjalarda təqdim edilən neft markaları bir növ etalon hesab edilir. Misal üçün, Avropa İttifaqı və Asiya regionu üzrə etalon neft markası Brent Crude Oil (Brent), Amerika üçün isə West Texas Intermediate (WTI) hesab olunur. Bu markalar beynəlxalq birjalarda ən yüksək bazar likvidliyinə malikdir. Faktiki olaraq neftin birja dəyəri onun ən obyektiv qiyməti hesab olunur.

“Azeri Light” neft markası

 “Azeri Light” – Azərbaycana aid “Azəri” və “Çıraq” neft yataqlarından hasil edilən neftin ticarət markasıdır  və 1997-ci ildə yaradılıb. İlk dəfə dünya neft bazarına 1999-cu ilin aprel ayında Bakı-Supsa neft kəməri ilə çıxarılıb. Beynəlxalq standartlara əsasən böyük həcmdə nefti dünya bazarına çıxaran ölkə sertifikat almalıdır. Sertifikatlaşma zamanı isə neftin kimyəvi tərkibi əsas götürülür. Çünki neftin qiyməti onun kimyəvi tərkibi və texiniki göstəricilərinə əsasən müəyyən edilir. “Azeri Light” neft markası hazırda yüksək keyfiyyətli xam neft hesab olunur. Amerika neft institutunun qatılıq dərəcəsi göstəricisi üzrə 34,8°-35,5° qatılığa malikdir, tərkibindəki  kükürdun miqdarı isə 0,14 faizdir ki, bu da onun yüngül, qatışıqsız neft olmasını təmin edir. Bundan əlavə, “Azeri Light” markasının yüksək keyfiyyətli neft olmasını təmin edən daha bir göstərici tərkibindəki ümumi turşuluq miqdarının (ÜTM) 0,25mg KOH/qram olmasıdır. Xam neftin ÜTM göstəricisi, nümunə üçün götürülmüş bir qram nefti neytrallaşdırmaq üçün neçə milliqram KOH tələb olunduğunu müəyyənləşdirir. Neftin turşululuğunun emal əməliyyatlarına əhəmiyyətli dərəcədə iqtisadi və texniki təsiri var. Bu səbəbdən “Azeri Light” markası üçün bu cür texniki göstəricilər böyük üstünlükdür.

 “Azeri Light”-ın keyfiyyətcə “Brent” və “WTI” markalarından üstün olmasına baxmayaraq hazırda dünya neft bazarında daha ucuz satılır və bunun əsas səbəbi bu neftə olan tələbin aşağı düşməsidir. Məlum olduğu kimi sıxlığı və tərkibində kükürdün miqdarı az olan neft yanacaq istehsalçıları üçün daha əlverişlidir. Xüsusən də benzin istehsalı zamanı tərkibində kükürdün miqdarı daha aşağı olan neft markaları daha sərfəli olur. Bu səbəbdən “Azeri Light” hər zaman “Brent” və “WTI” markalarından baha satılıb. Lakin, son 2 ay ərzində dünyada sürətlə yayılan COVİD-19 virusina görə böyük əksəriyyət ölkələrdə hava, su və avtomobil nəqliyyatının hərəkətinə məhdudiyyətlər qoyulub. Bu səbəbdən də yanacağa olan tələb aşağı düşüb. Yanacağa olan tələbin aşağı düşməsi isə “Azeri Light” kimi yüksək keyfiyyətli neft markasına tələbatı azaldıb. “Azeri Light” neft markası beynəlxalq birjalarda ticarət olunmur və konkret alıcıları var. Fevralın 1-də dəyəri 63 dollar olan Azərbaycan neftinin hazırda qiyməti 22-23 dollar təşkil edir.

Cari ilin aprelin 10-u “OPEC+” ölkələrinin hasilatın azaldılması ilə bağlı “Əməkdaşlıq Bəyannaməsi”-nə əsasən  mayın 1-dən 2022-ci ilin aprel ayınadək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması razılaşdırılıb. Razılaşmaya əsasən gündəlik neft hasilatı mayın 1-dən 9.7 milyon, iyunun 1-dən 2020-ci ilin dekabr ayınadək 7.7 milyon və 2022-ci il 30 aprel tarixinədək 6 milyon barrel azaldılması qərara alınıb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan da müvafiq olaraq hasilatı gündəlik 164 min, 131 min və 98 min barrel azaltmaq öhdəliyi götürüb.

Gündəlik neft hasilatının azaldılması ümumilikdə neft bazarında qiymətlərin xaotik ucuzlaşmasının qarşısını alsa da Azərbaycan neftinin qiymətinə müsbət təsirini gözləmək hələ ki, çox tezdi. Nəzərə almaq lazımdır ki, “Azeri Light” beynəlxalq birjalarda ticarət olunmur və əsas alıcılar olan İtaliya, Çin, İsrail, Almaniya, İspaniya və Fransada isə hazırda pandemiya ilə əlaqədər vəziyyət gərgin olaraq qalmaqdadır. Odur ki, yaxın aylarda Azərbaycan neftinin qiymətinin artıması real deyil. Xatırladım ki, “Azeri Light” neft markasının indiyə qədər ən yüksək qiyməti 149.6 dollar (2008, iyul), minimum qiyməti isə 19.15 dollar (2001, dekabr) olub.

Məlumat üçün qeyd edim ki, emal prosesi zamanı 1 barrel “Azeri Light”  markalı netfdən 16 litr benzin, 32 litr dizel yanacağı, 24 litr təyyarə yanacağı, 1 litr qaz, 6 kq neft koksu, 83 litr mazut, 1.5 kq kömür, 12 balon propan, tort üçün 170 şam, 1 litr motor yağı almaq mümkündür.

Müəllif:  Elnur Quliyev

elnur quliyev
Elnur Quliyev
Son xəbərlər
Digər xəbərlər