“Azərkosmos” ASC-nin sədrinin Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edildikdən sonra Nazirliyin strukturunda və tabeliyində fəaliyyət göstərən telekommunikasiya şirkətlərində kadr dəyişiklikləri davam edir.
Bunlardan biri də “Bakı Telefon Rabitəsi” MMC-də (Baktelekom) baş vermiş təyinatdır. Belə ki, Banker.az-ın əldə etdiyi məlumata görə, Aysel Soltanova “Baktelekom”un baş direktoruna müavin təyin edilib.
Aysel Soltanova buna qədər “Azərkosmos”un Marketinq departamentinin direktoru idi.
O, 2020-ci ilin fevral ayından etibarən “Azərkosmos”un Marketinq departamentinin direktoru vəzifəsində təyin edilib. 2014-2020-ci illərdə “Azərkosmos”un Korporativ kommunikasiya departamentinin direktoru vəzifəsində işləyib. 2011-2014-cü illərdə “Procter and Gamble Azərbaycan” şirkətinin Brend əməliyyatları şöbəsində media menecer vəzifəsində işləyib.
2009-2011-ci illərdə BMT-nin ixtisaslaşmış agentliyi olan Beynəlxalq əmək təşkilatında çalışıb. Əmək fəaliyyətinə 2006-cı ildə “BP Azərbaycan” şirkətinin Əlaqələr və xarici işlər şöbəsində başlayıb.
Bakalavr təhsilini Azərbaycan Dillər Universitetində Amerikanşünasliq ixtisası üzrə alıb. Daha sonra təhsilini Macarıstandakı Mərkəzi Avropa Universitetində davam etdirib və Dövlət siyasəti ixtisasi üzrə magistr dərəcəsi alıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il 26 yanvar tarixli sərəncamları ilə Ramin Quluzadə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib, yerinə Rəşad Nəbiyev təyin edilib.