10 C
Baku
Friday, December 13, 2024

“AzerLight” nefti 3 ilin zirvəsinə qalxıb. Nə vaxta kimi davam edəcək?

Azərbaycan neftinin qiyməti son 3 ilin maksimumuna çatıb.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 1 faizədək bahalaşaraq 70,54 dollar olub. Bu, son 3 il 1 ayda qeydə alınan ən yüksək qiymət göstəricisidir.

Belə ki, “AzəriLayt”ın bir barreli sonuncu dəfə 2014-cü il dekabrın 5-də 70,60 dollara satılıb. Həmin gündən sonra ucuzlaşmağa başlayan Azərbaycan neftinin bir barrelinin qiyməti 2015-ci ildə 38-70 dollar arasında dəyişib.

“AzəriLayt”ın bir barreli 2016-cı il yanvarın 21-də minimuma – 28,82 dollar/barrelə enib. Daha sonra nisbətən bahalaşan Azərbaycan nefti 2016-cı ildə 28-57 dollar/barrel arasında dəyişib.

2017-ci ilin əvvəlində isə 57 dollara satılan “AzəriLayt”ın bir barreli ilin ortalarında 46 dollara geriləsə də dekabrda 69 dollaradək bahalaşıb. Xatırladaq ki, Azərbaycan neftinin bir barreli 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollara, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollara satılıb.

“Qara qızıl”ın sürətlə bahalaşması nikbin fikirlər formalaşdırır. Lakin sual yaranır: neftin qiymətinin birdən-birə kəskin artmasının iqtisadi əsasları varmı və bu artım davamlı olacaqmı?

Məsələ ilə bağlı BakuPost.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qiymətlərin qalxmasının kökündə dünyada baş verən siyasi hadisələr dayanır: “Əvvəl İraqın şimalında Kürdüstanla bağlı referendum, ondan sonra Şimali İraqdan neft ixracatının dayandırılması, Səudiyyə Ərəbistanla Yəmən arasında gərginliyin artması, Səudiyyəyə raket zərbələrinin endirilməsi, ən son isə Liviyada terror hadisəsinin olması və neft hasilatının azaldılması qiymətə ciddi təsir edib. Son 1 həftədə isə İranda daxili çaxnaşmalar var. Yəni bu günə qədər neftin qiymətinə səbəb olan əsas amillər məhz siyasi hadisələrdir. Hansısa iqtisadi hadisə baş verməyib. Nə neftin hasilatı kəskin azalıb, nə dünya iqtisadiyyatında neftə tələbat kəskin artıb. Bir də OPEK-Rusiya anlaşması var idi ki, gündəlik neft hasilatının 1,8 milyon barel azaldılmasını nəzərdə tutur. Bu da neftin qiymətinə təsir göstərdi. Lakin müvəqqətidir, bu il sona çatacaq. Sözümün canı odur ki, bu günə kimi baş verənlər ancaq siyasi səhnədə olanların nəticəsidir. Ona görə neftin qiymət artımının davamlı olması o qədər real görünmür”.

N. Cəfərlinin sözlərinə görə, neftin qiymətinin 70 dollar civarında olması Azərbaycanın gəlirlərinə ciddi təsir göstərir: “Neftin qiymətinin hər bir dollar artması gün ərzində Azərbaycana əlavə 400 min dollar gəlir gətirir. 10 dollar artırsa, deməli gündə əlavə 4 milyon gəlir. Azərbaycan bu qiymət artımından kifayət qədər gəlir götürəcək. Lakin bir problem var ki, bizdə hasilat azalıb. Hasilatın səviyyəsi 2017-ci ildə 9 faiz azaldıldı. Hasilatın azalması fonunda qiymətin artması heç olmazsa, azalmanı kompensasiya etməyə və gəlirlərin kəskin aşağı düşməsinə imkan vermir”.

Son xəbərlər
Digər xəbərlər