12 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

“Azerspace-1”in gəliri açıqlandı: 72 milyon dollar

Bu gün Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki “Azerspace-1” peykinin orbitə buraxılmasının beşinci ildönümüdür.

Bu barədə Banker.az-a “Azercosmos” ASC-dən məlumat verilib.

“Azerspace-1” peyki kommersiya fəaliyyətində olduğu dövr ərzində 72 milyon ABŞ dolları məbləğində gəlir gətirib.

Azərbaycanda peyk xidmətləri bazarında lider olan “Azerspace-1” peyki digər ölkələrdə də aktivlik nümayiş etdirir. “Azerspace-1” peykinin dünyanın 25-dən çox ölkəsində sabit müştəri bazası vardır. “Azerspace-1” peyki teleradio yayımı sahəsində qonşu Gürcüstan bazarında lider mövqeyə və Türkiyədə özünəməxsus bazar payına sahibdir. Peyk Orta Asiyada müştərilərinin sayını artırmağa başlamışdır. Data xidmətlərinin göstərilməsində isə Yaxın Şərq və Afrikada xüsusi aktivlik göstərir. Hazırda Reuters, MTV, National Geographic kimi media nəhəngləri və Birləşmiş Ərəb Əmirliyininin aparıcı dövlət mobil operatoru olan “Etisalat” şirkəti ilə əməkdaşlıq edilir.

 

İlk telekommunikasiya peykinin orbitə buraxılmasından ötən beş il ərzində Azərbaycanda “Azerspace-1” peyki ilə yanaşı, “Azersky” – Yer səthinin məsafədən müşahidəsi və “Azerspace-2” – telekommunikasiya peykləri, habelə peyk idarəetməsi üzrə yerüstü sistemlərin inkişafı istiqamətində digər müasir kosmik layihələr də həyata keçirilməyə başlanılıb. “Azərkosmos” ASC tərəfindən həyata keçirilən bu layihələr ölkənin informasiya və milli təhlükəsizliyinə, peyk xidmətlərin ixracı ilə ölkəyə valyuta gətirilməsinə, kosmik sahədə beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə və elmi tədqiqatların dəstəklənməsinə, ümumilikdə ölkənin və regionların sosial-iqtisadi inkişafına xidmət etmiş və milli iqtisadiyyata birbaşa və dolayı faydalar vermişdir.

 

Gələcəyə dair planlar

Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasından beş il sonra – 2018-ci ilin birinci yarısında “Azərkosmos” ASC-nin telekommunikasiya xidmətlərinin davamlılığının və etibarlılığının təmin edilməsi, həmçinin yayımın əhatə dairəsinin, xidmət çeşidinin və satışlarının həcminin artırılması məqsədilə Azərbaycanın ikinci telekommunikasiya peyki – “Azerspace-2”nin orbitə çıxarılması planlaşdırılır. “Azerspace-2” peykinin əhatə zonasına Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələri daxildir. Orbitdə istismar müddəti 15 il nəzərdə tutulan “Azerspace-2” həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1”in orbitdəki ehtiyatı rolunu öz üzərinə götürəcək. İkinci telekommunikasiya peykinin mövcudluğu iri həcmli tenderlərdə iştirak edərək iri həcmli sifarişlərin alınması, peyk tutumlarının çoxalması səbəbilə miqyas effektindən istifadə edilməsi və nəticədə “Azərkosmos”un bazarda rəqabətli mövqeyinin yaxşılaşdırması üçün imkanlar yaradır.

Son xəbərlər
Oxşar xəbərlər