2025-ci ildə “Azərsun Holdinq”in şəkər biznesi üçün bu il qiymətlər ucuz olsa da, ixrac bazarının coğrafiyası daha əlverişlidir. Holdinqin törəmə şirkəti “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC keçən il xaricə ümumilikdə 85.16 min ton ağ şəkər satmaqla illə müqayisədə ixracı 68% artırıb.
Banker.az xəbər verir ki, ixracın dəyəri isə 60.55 mln. dollar olub və illik müqayisədə 57.49% artıb. 2024-cü ildə bu göstərici 38.46 mln. dollar idi.
Məhsulun orta ixrac qiyməti 2025-ci ildə bir ton üçün 711 dollar olub. Bu göstərici 2024-cü ildə 757 dollar idi ki, illik müqayisədə 6.07% ucuzlaşma baş verib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanda şəkər zavodları ümumilikdə 380.4 min ton şəkər istehsal edərək illik 10%-dən çox artıma nail olublar. Ölkənin ilk və yeganə şəkər fabriki olan “Azərbaycan Şəkər İstehsalat Birliyi”nin İmişli Şəkər Zavodu 2006-cı ildən fəaliyyət göstərir. 2018-ci ildə zavodun rekonstruksiyası başa çatmış və gündəlik emal gücü 10 000 tona yüksəldilmişdir. Zavod əsasən şəkər tozu, kəllə qənd və parça qənd istehsal edir.
2025-ci ildə şirkət üçün bazar kimi Özbəkistan Türkmənistanı üstələyib. Özbəkistana ixrac 41.24 min tona və 31.96 mln. dollara yüksəlib. İllik müqayisədə həcm 159%, dəyər isə 141% artıb. Bir tonun orta qiyməti 775 dollar olub ki, bu da ötən ilin 835 dolları ilə müqayisədə 7.19% azdır.
Türkmənistana ixrac 36.54 min ton və ya 22.47 mln. dollar təşkil edib. Həcm 20.21%, dəyər isə 6.88% artıb. Orta qiymət 615 dollar olub və bu, əvvəlki ilin 691 dolları ilə müqayisədə 11% azalma deməkdir.
Tacikistana satış 5.30 min ton və 4.22 mln. dollar olub. Həcm 76.03%, dəyər isə 61.13% artıb. Orta qiymət 797.72 dollar olub olmaqla illik müqayisədə 8.46% ucuzlaşıb.
Rusiyaya ixrac 1.1 min tona yüksəlib və 1.14 mln. dollar təşkil edib. Həcm 5.66%, dəyər isə 6.16% artıb.
Gürcüstana ixrac 392.29 ton və ya 360.01 min dollar olub. Həcm 15.55%, dəyər isə 14.15% artıb. Orta qiymət 917.72 dollar olub və 1.21% azalıb.
Bununla belə, Azərbaycanda xarici ağ şəkərə də maraq var. Məsələn, 2025-ci ildə xaricdən 30 min tona yaxın ağ şəkər ($19 mln.) gətirilib. 2024-cü ildə bu rəqəm 33 min ton ($21 mln.) idi.







