Cari ilin yanvar ayı ərzində “Azexport.az” portalına 91,7 mln. dollar məbləğində ixrac sifarişləri daxil olub.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin fevral buraxılışında qeyd olunub.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar ayında “Azexport.az” portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 12,5% artıb.
Ümumilikdə isə 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 yanvar tarixinə kimi “Azexport.az” portalına dünyanın 118 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri isə 1 080,8 mln. dollar təşkil edib.
Cari ilin yanvar ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Türkiyə (19,8%), Rusiya(16,3%), ABŞ (10,5%), Hindistan (4,7%) və Ukrayna (4,7%) qərarlaşıb.
Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, 2019-cu ilin yanvar ayında ən çox ixrac sifarişi soğan, fındıq ləpəsi, pomidor, alma, pambıq yağı, toyuq yumurtası, meyvə şirəsi, tütün, tikinti materialları, şərab, konservləşdirilmiş ət, qənnadı məhsulları, mühərrik yağı, mebel dəsti, nar şirəsi, kosmetik vasitə və s. mallara daxil olub.