7 C
Baku
Thursday, December 12, 2024

“Azexport”da blokçeyn texnologiyaların tətbiqi istiqamətində araşdırmalar aparılır

“Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar ölkədə innovativ inkişafı təmin edir. Strateji yol xəritələri bütün sahələrdə qabaqcıl informasiya, bio, nano, koqnitiv, maliyyə və kommunikasiya texnologiyalarının tətbiqini nəzərdə tutur”.

Bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik mövzusunda” forumda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı deyib.

O qeyd edib ki, Azərbaycanda blokçeyn texnologiyalarına əsaslanan və X-Road əsasında yaradılan Rəqəmsal Ticarət Qovşağı dövlət-özəl əməkdaşlığının bariz nümunəsidir: “Blokçeyn texnologiyalarının tətbiqi bütün dünyada olduğu kimi Azərbaycanda da diqqətlə öyrənilir, risklər və imkanlar qiymətləndirilir. Azərbaycanın maliyyə-bank sektorunun keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, maliyyə xidmətlərinin daha da yaxşılaşması, maliyyə resurslarına əlçatanlığın genişləndirilməsi və qlobal miqyasda rəqabətədavamlılığın təmin olunması həm də blokçeyn texnologiyalarının səmərəli tətbiqindən də asılı olacaq”.

V. Qasımlı bildirib ki, blokçeyn və digər yeni maliyyə texnologiyalarının tənzimləməsi zamanı dünya təcrübəsində istifadə edilən “qum qutusu” (sandbox) yanaşması Azərbaycanda da nəzərdən keçirilə bilər: “Belə də blokçeynin tətbiqi üçün “sınaqdan keçir və öyrən” prinsipinə əsaslanan və özəl sektorun fəallığına, təşəbbüskarlığına söykənən bir mühit yaradıla bilər. Çünki, blokçeyn texnologiyaları yeni olduğundan hətta inkişaf etmiş ölkələrdə belə dövlət tərəfindən dəqiq tənzimləmə mexanizmləri tam qurulmayıb. Dünya təcrübəsində Mərkəzi Banklar kriptovalutlara münasibətdə iki mühüm məqamın üzərində dayanırlar. Birincisi, Mərkəzi Bankların kriptovalyuta emissiya etməsi qeyri-müəyyən olaraq qalır. Çünki, belə bir emissiya ikipilləli bank sistemindən birpilləli bank sisteminə keçid deməkdir. İkincisi, Mərkəzi Banklar digər maliyyə institutlarına kriptovalyutlarla əməliyyat aparmağa və kripto mədənçiliyə nə dərəcədə icazə verməklə bağlı yekun qərara gələ bilmirlər. Çünki, kriptovalyutlarla əməliyyat zamanı vergidən yayınma və kirli pulların yuyulması kimi risklərin həlli ilə bağlı da mexanizmlər hələ ki, yoxdur. Eyni zamanda, yeni protokollar da işlənilir. Məsələn, İngiltərə Bankı Paylaşılan Mühasibat Texnologiyasının (Distributed Ledger Technology (DLT)) tətbiqinə şərait yaradır. Bu protokol sindikatlaşdırılmış kreditlərin verilməsi üçün imkandır. Azərbaycanın maliyyə-bank sektorunun nümayəndələri ilə DLT-nin müzakirə edilməsi və uyğun olarsa, təkliflərin hazırlanması məqsədəuyğun görünür. Bütün hallarda kriptovalyutalarla əməliyyatlara nəzarət mexanizmi kövrəkdir, milli sərhədləri aşır və hələ formalaşmaqdadır”.

Mərkəz rəhbəri bildirib ki, dünyanın bir neçə ölkəsində, Sinqapur, Avstraliya, Hindistan, İrlandiya və Kambocada artıq banklararası əməliyyatların blokçeyn üzərindən aparılması istiqamətində pilot layihələr mövcuddur: “Məsələn, Hindistanın ən böyük bankları da artıq bu texnologiyanın istifadəsinə başlayıb. Onların qurduğu konsorsiuma daxil olan banklar artıq yalnız öz informasiya bazalarını yox həmçinin banklararası aparılan bütün məlumatların bazasına nəzarət edə bilirlər. Bu proses hər əməliyyat baş tutduqca avtomatik olaraq sistemdə qeyd edilir və banklararası əməliyyatların daha səlis və operativ həyata keçirilməsinə səbəb olur. Son olaraq İrlandiyanın “Allied İrish Banks”, “Ulster Bank” və “Permanent TSB” bankları, dünyanın aparıcı audit şirkəti Deloitte ilə birgə ölkədə banklararası əməliyyatların daha sürətli və təhlükəsiz şəkildə aparılması üçün blokçeyn platforması üzərində çalışır. İrlandiya, Kamboca, və Hindistanın bu istiqamətdə atdığı addımlar göstərir ki, yaxın gələcəkdə artıq banklararası bütün əməliyyatlar daha sürətli, effektiv, təhlükəsiz və ucuz şəkildə blokçeyn platforması üzərindən aparılacaq. Azərbaycanda da bu istiqamətdə təhlillərin daha da genişləndirilməsinə ehtiyac var”.

V.Qasımlı əlavə edib ki, ABŞ, Yaponiya, Fransa və əksər digər ölkələrdə olduğu kimi Azərbaycanın da vergi qanunvericiliyində kriptovalyuta ilə əməliyyatlardan əldə olunan gəlir vergiyə cəlb edilir. Onun sözlərinə görə, kriptovalyutanın elektron ticarətdə istifadəsi, kriptovalyuta dövriyyəsinin monitorinqi və vergi tənzimlənməsi sahəsində dünyadakı əsas inkişaf trendləri nəzərə alınmaqla araşdırmalar və təkmilləşdirmələr davam edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər