SOCAR və Türkiyənin Tekfen şirkətinin birgə müəssisəsi olan “AZFEN”in gəlirləri ilbəil düşür, özü də kəskin. İşçi sayı isə daha kəskin düşüb.
Banker.az xəbər verir ki, “AZFEN” MMC 2023-cü ildə cəmi 217.55 mln. manatlıq gəlir əldə edib. Bu da illik müqayisədə 352.21 mln. manat və ya 62 faiz azalmadır. 2022-ci ildə onun müqavilələrdən 569.76 mln. manat gəliri olmuşdu.
Birgə müəssisənin gəlirləri sonuncu dəfə bu qədər 2019-cu ildə olub və bu, dörd illik minimumdur. Şirkət Azərbaycanda neft-qaz sektorunda iri layihələri öz üzərinə götürməklə son dörd ildə böyük gəlirlər əldə edib.
Məsələn, şirkət 2021-ci ildə ən iri gəlir əldə etmişdi. Həmin dövrdə onun gəlirləri 710.35 mln. manat olmuşdu. Şirkət 2018-ci ildən etibarən Heydər Əliyev adına Neftayırma Zavodunun modernizasiyası və rekonstruksiyası layihəsini üzərinə götürmüşdü və 2020-ci ildə, demək olar ki, bu layihə bitib və bu, şirkətin gəlirlərində mühüm artıma səbəb olub.
Şirkət SOCAR-la bərabər “BP Azərbaycan” və eləcə də neft-qaz yataqlarının tikinti layihələrində də iştirak edir.
Şirkət 2023-cü ildə 11.46 mln. manat xalis mənfəət əldə edib. Məsələn, 2022-ci ildə bu göstərici 81.93 mln. manat idi.
Şirkət layihələri azaldıqca böyük ixtisarlar aparıb. 2023-cü ilin əvvəlində 5 450 nəfər olan işçi sayı ilin sonuna 1 941 nəfərə düşüb. Şirkətin 2022-ci ildə işçilər üzrə xərci 161.49 mln. manat olduğu halda, 2023-cü ildə bu rəqəm 76.52 mln. manata düşüb.
“AZFEN” MMC-nin 2023-cü ildə təşkilati-hüquqi forması birgə müəssisədən MMC-yə çevrilsə də, şirkətin nizamnamə kapitalındakı pay strukturunda dəyşiklik baş verməyib. Əvvəlki qaydada onun 277 min manatlıq nizamnamə kapitalının 60 faizi SOCAR-ın, 40%-i Türkiyənin Tekfen şirkətinə məxsusdur.
Şirkətin balansında hazırda 43.82 mln. manatlıq nağd vəsaitlər var. 2022-ci ildə bu rəqəm 160.83 mln. manat idi.