“AzFinance İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti daha bir şirkətdə pay alıb. Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, “AzFinance İnvestisiya Şirkəti” tikinti şirkəti olan “AzeSteelCompany” Açıq Səhmdar Cəmiyyətinin ümumi məbləği 835 490 manat olan səhmlərinin alınması nəticəsində şirkətin 10%-nə sahib olmuşdur.
Bununla əlaqədar “AzFinance İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin vasitəçiliyi ilə 3 alqı-satqı əqdi bağlanmış və ümumi həcmi 835 490 ədəd adi adlı sənədsiz səhmdən ibarət olmuşdur, yəni şirkətin bütün səhmlərinin Nizamnamə kapitalına olan faiz nisbətinin 10%-ni təşkil etmişdir.
Qeyd edək ki, bu gün açıqlanan məlumata görə, investisiya “Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin səhmlərinin 70%-ni satın alıb.
Bundan öncə də “AzeSteelCompany”ə 2 yeni səhmdar gəlmişdi. Bu səhmdarlar 20.6%-lə Kənan Ağayev və 10%-lə Ömər Hüseynovdur.
Şirkətin digər səhmdarı isə 69.4% ilə Camaləddin İsmayılovdur. Qeyd edək ki, 31 dekabr 2020-ci il tarixində isə səhmlərin 100%-lik səhmdarı Camaləddin İsmayılov idi.
Xatırladaq ki, “EKSPRESS-C” Açıq Səhmdar Cəmiyyəti 4 may 2022-ci il tarixində “AzeSteelCompany” Açıq Səhmdar Cəmiyyəti kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qeydiyyata alınıb.