7 C
Baku
Sunday, December 15, 2024

“AzGold” MMC-nin rəhbəri həbs edilib

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salan bəzi sahibkarlıq subyektləri tərəfindən öz vəzifələrinin icrası zamanı yol verilən qanunsuz hallara qarşı mübarizə istiqamətində prokurorluq orqanları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Baş Prokurorluqdan verilən məlumata görə, həyata keçirilən tədbirlərin davamı kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaş müraciəti əsasında toplanmış materiallarla “AzGold” MMC-nin faktiki rəhbəri Muxtarov Müşfiq Rəhman oğlunun 2012-2014-cü illər ərzində özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən sui-istifadə etməklə maliyyə vəziyyətinə dair bilə-bilə yalan məlumatlar təqdim etdiyi “AccessBank” QSC-nin “Göyçay” filialı ilə aralarında bağlanmış kredit müqavilələri əsasında ümumilikdə 700 min ABŞ dolları məbləğində qanunsuz kredit vəsaitini götürərək, “AccessBank” QSC-yə külli miqdarda ziyan vurmasına, kredit vəsaiti üzrə həmin dövrün məzənnəsi ilə cəmi 572 min 377 manat məbləğində pul vəsaitini qəsdən ödəməməklə, “AccessBank” QSC-nin normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalarla, həmçinin, Müşfiq Muxtarovun özgə əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin iyul ayında bir neçə vətəndaşı qızıl külçələrinin ölkə ərazisinə gətirilib-satılması biznesinə sərmayə yatırıb qazanc əldə etmək adı ilə aldatmaqla 3 şəxsə məxsus cəmi 2 milyon 19 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə şübhələr üçün əsaslar müəyyənləşib.

Qeyd edilən qanunsuz hərəkətlərə görə Müşfiq Muxtarov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmə), 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.

Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin davam etdirilməsi təmin ediləcəkdir.

Son xəbərlər
Digər xəbərlər