®Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC “INMerge İnnovasiya Sammiti 2024”də stendlə çıxış edib.
10-11 oktyabrda Bakı Konqres Mərkəzində keçirilən sammitdə iştirakçılara “AzInTelecom”un innovativ xidmət və məhsulları barədə məlumat verilib. Stenddə yerli və xarici şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, potensial tərəfdaşlıqlar müzakirə olunub.
Tədbirdə “AzInTelecom”un İdarə Heyətinin sədri Elxan Əzizov “Biznes innovasiyalarının idarəedilməsi” panelində çıxış edib. E.Əzizov çıxışında “AzInTelecom”un kiçik və orta bizneslərin, eləcə də startapların rəqəmsal texnologiyalar və “bulud” xidmətlərindən istifadəsinə daim dəstək göstərdiyini bildirib.
Çıxışda qeyd edilib ki, “AzInTelecom”un yeni istifadəyə verilmiş ictimai “bulud” xidməti və “SİMA İmza” rəqəmsal həllinin dövlət-özəl tərəfdaşlığında geniş istifadəsi bu dəstəyin bir nümunəsidir.
Qeyd edək ki, hər il təşkil olunan “INMerge Sammit” regionun ən böyük innovasiya tədbiri hesab olunur. Tədbirin məqsədi Azərbaycanın və regionun aparıcı təşkilatlarını və dövlət qurumlarını korporativ innovasiyalar ətrafında toplamaqdır.