“AzInTelecom” MMC 2023-cü ili 25 milyon 379 min manat xalis mənfəət ilə başa vurub. 2022-ci ildə MMC-nin mənfəəti 154 milyon 982 min manat olub.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “AzInTelecom”un gəlirləri 633 milyon 13 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 11% çoxdur. MMC-nin ümumi və inzibati xərcləri 221 milyon 87 min manat, əməliyyat mənfəəti 69 milyon 214 min manat, maliyyə gəlirləri 8 milyon 720 min manat, maliyyə xərcləri isə 11 milyon 272 min manat təşkil edib.
Hesabat dövründə “AzInTelecom”un cəmi aktivləri 7% artaraq 1 milyard 485 milyon manat, cəmi öhdəlikləri 26% artaraq 398 milyon 795 min manat, cəmi kapitalı isə 1.3% artaraq 1 milyard 86 milyon manat olub.
“AzInTelecom” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 min manatdır. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış Data Mərkəzi nəzdində “İnfrastruktur Xidmət kimi” (IaaS) əsaslı xidmətlərdən ibarətdir.