Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azerbaijan International Telecom (AzInTelecom)” MMC-nin İdarə Heyətinə yeni üzv təyin edilib.
Banker.az xəbər verir ki, bu vəzifəyə Sadiq Yolçuyev təyin edilib.
O, 2022-ci ilin dekabr ayından 2024-cü ilin noyabr ayına kimi “AzInTelecom”da İdarə Heyətinin müşaviri idi.
Sadiq Yolçuyev 2021-2022-ci illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzində Baş İnformasiya Təhlükəsizliyi Mütəxəssisi, 2013-2021-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində İnformasiya texnologiyaları şöbəsinin müdir müavini, 2004-2013-cü illərdə isə Mərkəzi Bankda Böyük təhlükəsizlik inzibatçısı kimi vəzifələrdə çalışıb.
Sadiq Yolçuyev Bakı Dövlət Universitetində “Tətbiqi Riyaziyyat və İqtisadi Kibernetika” üzrə bakalavr dərəcəsi, Azərbaycan Dövlət Neft Akademiyasında isə “Avtomatlaşdırılmış Dizayn Sistemləri” üzrə magistr dərəcəsinə yiyələnib.
“AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri bulud həlləri, Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan Beynəlxalq səs trafiki, Biznes həlləri, İnformasiya Təhlükəsizliyi xidmətləri, SİMA rəqəmsal həllər platforması və Mərkəzləşdirilmiş informasiya sistemlərindən ibarətdir.