20 C
Baku
Monday, October 20, 2025

Azot gübrəsində rekord ixrac: istehsalın 78%-i xaricə satılır, qiymətlərdəki artım ixrac gəlirlərini kəskin artırır

2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın əsas kimya məhsullarından biri olan karbamidin (azot gübrəsi) istehsalı və ixracı artım nümayiş etdirib. İstehsal olunan karbamidin təxminən 78%-i – yəni 377,6 min tonu – xarici bazarlara ixrac edilib.

Banker.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% artım deməkdir. İxracın dəyəri isə 114,8 milyon dollar olub və 2024-cü ilin 78,7 milyon dollarlıq göstəricisi ilə müqayisədə 45,9% artım qeydə alınıb.

Dəyərin miqdardan daha sürətli dinamika ilə artması karbamidin qiymətinin artması ilə əlaqəlidir. Orta ixrac qiyməti 2025-ci ildə hər ton üçün təxminən 304 dollar təşkil edib, 2024-cü ildə isə bu göstərici 217 dollar idi. Beləliklə, orta satış qiyməti 40% bahalaşıb.

Əsas ixrac istiqaməti dəyişməyib — yenə də Ukrayna ən iri alıcı olaraq qalır. Bu ölkəyə göndərilən gübrə həcmi 289,6 min ton təşkil edib, dəyəri isə 89,9 milyon dollar olub. Ötən illə müqayisədə Ukraynaya ixrac miqdar baxımından 47,3%, dəyər baxımından isə 122,3% artıb. Bunun nəticəsində Ukrayna Azərbaycanın azot gübrələri üzrə ixrac bazarının təxminən 78%-ni sahib olub.

2025-ci ildə ixrac coğrafiyası genişlənib. Yeni bazarlar kimi Kanada, Uruqvay Belarus əlavə olunub. Kanada 44,2 min ton həcmində və 12,5 milyon dollar dəyərində idxal həyata keçirərək Azərbaycanın bu məhsul üzrə ikinci ən iri alıcısına çevrilib. Uruqvay isə 7,2 min tonla (1,94 milyon dollar) siyahıda beşinci yerdə qərarlaşıb.

Əvəzində, Braziliya və ABŞ öncəki ildən fərqli olaraq Azərbaycandan karbamid idxalını dayandırıb. Türkiyəyə ixrac isə kəskin azalıb — 2024-cü ildə 86,2 min ton olan həcmin 2025-ci ildə cəmi 7,4 min tona düşməsi 91,4%-lik azalma deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilk doqquz ayda ölkənin karbamid zavodu 485,3 ton gübrə istehsal etməklə keçənilki göstəricini 3%-ə yaxın üstələyir. Avqusta qədər itehsalın ümumi həcmi 429,2 ton olmuşdu.

Azərbaycanda mineral gübrə istehsalı ilə SOCAR-ın Karbamid Zavodu məşğul olur. Zavod 2019-cu il yanvarın 16-da istismara verilib və həmin ilin iyun ayında karbamid ixracına başlayıb. Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamiddir. Zavodun karbamid ixracından illik gəliri $160 milyon məbləğində proqnozlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər