14 C
Baku
Thursday, November 27, 2025

“AzRe Təkrarsığorta”nın xalis mənfəəti 18% azalıb – Səbəb?

Azərbaycanın yeganə təkrar sığorta şirkəti “AzRe Təkrarsığorta” ASC-nin 2025-ci ilin ilk 9 ayın yekununda gəlirlərini yüksəltsə də əməliyyat xərclərinin yüksəlməsi onun mənfəətinin 18% azalmasına gətirib çıxarıb.

Banker.az rüblük maliyyə hesabatına istinadla xəbər verir ki, Sığorta Şirkətinin ümumi gəlirləri 67 milyon manata çataraq illik müqayisədə 18% artıb. Əsas əməliyyat gəlirləri daha nəzərəçarpacaq artım göstərərək 75 milyon manata yüksəlib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 36% artım deməkdir. İnvestisiya gəlirləri isə 9 milyon manat olaraq illik müqayisədə 39% azalıb. Xalis sığorta ehtiyatlarının dəyişməsi isə 18 milyon manat təşkil edərək 39% artıb.

Xərclər 46 milyon manat təşkil edib və ötən ilin göstəricisindən 39% çoxdur. Əsas əməliyyat xərcləri 31 milyon manatla 47% artım göstərib, işlərin aparılması xərcləri isə 14 milyon manat olub, 31% yüksəliş qeydə alınıb.

Buna görə də, maliyyə mənfəəti 21 milyon manat olaraq ötən ilin eyni dövrü ilə müqayisədə 12% azalıb. Mənfəət vergisi isə 4 milyon manat təşkil edərək 26% artıb.

Nəticədə, xalis mənfəət 17 milyon manat səviyyəsində olub və illik müqayisədə 18% azalma göstərib. Halbuki, öncəki ilin ilk üç rübündə bu rəqəm 21 milyon manat idi.

Təkrar sığortaçı, ilk doqquz ayda 73,6 milyon manat sığorta haqqı toplamaqla keçən ili 19 mln. manat üzərində üstələyir. Bunun da 60,2 mln. manatı əmlak sığortaya aid olan əsas sığorta siniflərə aiddir.

Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” “Qala Sığorta” ASC-nin 100%-lik, “Qala Həyat Sığorta” ASC-nin isə 50%-lik səhmdarıdır.

Son xəbərlər
Digər xəbərlər