“Azsığorta” ASC biznes strategiyasında dəyişiklik edir, icbari avtosığorta etməyəcək.
Bu barədə Banker.az şirkətə istinadən xəbər verir.
Şirkət bildirir ki, onlar artıq aqrar və əmlak sığortası üzrə satışı genişləndirəcəklər.
Sığortaçı yeni strategiya ilə daha çox aqrar sığortaya fokuslanmağı, o həmçinin tarixində daha çox üstünlük verdiyi əmlak sığortası üzrə portfelini genişləndirməyi hədəfləyəcək.
Ötən il cəmi 90 kənd təsərrüfatı subyekti “Azsığorta” vasitəsi ilə sığorta təminatı əldə etdiyi halda, cari ilin ilk 7 ayında bu rəqəm 24 dəfə artaraq 2000-i ötüb.
Son həftədə Banker.az-a bu şirkətin icbari avtosığorta üzrə müqavilə bağlamaqdan imtina etməsi ilə bağlı bir sıra şikayətlər daxil olmuşdu. Araşdırma zamanı məlum oldu ki, əməkdaşlar “daxili sistemdə” problemlərin olmasını əsas gətirərək, yeni müqavilə imzalanmasının mümkün olmayacaq və hansı müddətə qədər bu sistemin düzələcəyini qeyri-müəyyəndir.
“Şübhəsiz, şirkətin bu istiqamətə daha çox resurs cəlb etməsi labüddür. Bunu nəzərə alaraq “Azsığorta” Direktorlar Şurası, avqustun 9-da biznes strategiyasında dəyişiklik etməklə Avtonəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası (AVİSMS, yaxud icbari avtosığorta) üzrə satışlarını dayandırmaq qərarına gəlib”.
Açıqlamada qeyd edilir ki, bu barədə tənzimləyici Azərbaycan Mərkəzi Bankına müvafiq qaydada məlumatlandırılıb.
“Əlbəttə, “Azsığorta” qüvvədə olan bütün sığorta polisləri üzrə öhdəliklərini tam şəkildə yerinə yetirəcək”- deyə, şirkət qeyd edir.
Hazırda şirkət ölkənin aqrar sığorta sistemi ilə, Aqrar Sığorta Fondu və təsisçilərindən biri olduğu “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ilə əməkdaşlığı dərinləşdirərək, kənd təsərrüfatı sığortasına fokuslanır. Eyni zamanda “Azsığorta” üçün ənənəvi olan əmlak və məsuliyyət sığortası üzrə fəaliyyət də inkişaf etdiriləcək.
“Əminəm ki, bu yeni istiqamətlə “Azsığorta” mövqeyini daha da gücləndirəcək, qeyd edilən sığorta növləri üzrə bazara təqdim olunacaq yeni məhsullarla müştərilərin diqqətini cəlb edəcək”, deyə “Azsığorta” ASC-nin Direktorlar Şurasının sədri Viladi Maniyev bildirib.