Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin strukturuna daxil olan region filiallarının yaradılmasına başlanıldı.
Proses “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2021-ci il tarixli Fərmanına uyğun olaraq, o cümlədən korporativ idarəetmə prinsipləri nəzərə alınmaqla həyata keçirilir.
Bu məqsədlə Yevlaxda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Yevlax Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin iştirakı ilə iclas keçirilib. İclasda “Aztelekom”un strukturunda mərkəzi Yevlax şəhərində olmaqla yaradılması planlaşdırılan regional filial üzrə idarəetmənin daha effektiv həyata keçirilməsi üçün Regional filialın yaradılması elan olunub.
Belə ki, Yevlax filialının adı dəyişdirilərək “Yevlax Regional Filialı” adlandırılıb. Bundan sonra pilot layihəyə əsasən, Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər və Ağdam filiallarının hazırkı xidmət əraziləri Regional filialın xidmət əraziləri hesab olunacaq.