Azərbaycanda Bakı və Naxçıvan M.R. istisna olmaqla respublikanın bütün ərazisində lokal telefon rabitəsini həyata keçirən “Aztelekom” MMC ötən il gəlirlərinin artmasına rəğmən xərcləri onun işini yenidən zərər ilə bitməsinə kömək edib.
Banker.az bildirir ki, bu barədə “PwC” audit şirkətinin “Aztelekom”un 2019-cu il üzrə audit hesabatına verdiyi rəydə qeyd edilib.
Telekommunikasiya şirkəti ötən il ərzində 84.36 mln. manat gəlir əldə edib, 54.9 mln. manat xərci (burada, xidmətin dəyəri nəzərdə tutulur) olub. Bu da “Aztelekom”un 29.47 mln. manatlıq mənfəət əldə etməsi deməkdir.
Şirkətin gəlirləri hesabat ilindən öncəki illə müqayisədə 7.8%, xərcləri isə 3.3% artıb ki, nəticədə, mənfəətin həcmi 17.4% artıb.
“Aztelekom”un əməliyyatı öncəki ildə 14.08 mln. manat olduğu halda, 2019-da bu 0.5 mln. manatlıq mənfəətlə əvəzlənib. Buna səbəb isə ümumi, inzibati və digər əməliyyat xərclərinin son bir ildə 36.8 mln. manatdan 28.08 mln. manata, maliyyə xərcləri üzrə xalis dəyərsizləşmə xərclərinin isə 2.39 mln. manatdan 0.89 mln. manata qədər azalmasıdır.
Beləliklə, 2019-cu il üzrə digər xərclərinin artması hesabına “Aztelekom”un zərəri 1.84 mln. manat təşkil etmişdir. Bu öncəki ildə 16.88 mln. manat idi.
Bu zərərin ardından 1 yanvar 2019-cu il üzrə 35.27 mln. manatlıq bölüşdürülməmiş mənfəətin həcmi azalaraq 33.46 mln. manata düşüb.