Korrupsiya cinayətlərində ittiham olunan Aztelekom MMC-nin sabiq baş mühasibi Oqtay Rüstəmov müsadirə olunmuş əmlaklarını geri istəyir.
O, bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. O.Rüstəmov özünün və ailə üzvlərinin adına olan mülklərin üzərinə qoyulmuş həbsin götürülməsini tələb edir. Rüstəmovun ailə üzvləri – həyat yoldaşı Validə Rüstəmova, oğlu Əli Rüstəmov və qızı Aliyə Rüstəmova maraqlı şəxs kimi işə cəlb edilib.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məlumatına əsasən, O.Rüstəmovun adına Badamdarda fərdi yaşayış evi, oğlunun adına Dübəndidə bağ evi, digər oğlunun adına Badamdarda həyət evi, qızının adına Səbail rayonunda mənzil, həyat yoldaşının adına Yasamal rayonunda mənzil və Xaçmazda torpaq sahəsi olması müəyyən edilib. Qeyd olunan əmlaklar məhkəmənin qərarı ilə müsadirə olunub.
Xatırladaq ki, Oqtay Rüstəmov ən səs-küylü məhkəmə işlərindən biri kimi tanınan “Rabitə işi”ndə mühakimə olunub. Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki (red: hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun nazirliyin ayrı-ayrı qurumlarının vəzifəli şəxsləri ilə birlikdə 73 milyon 590 min manat pulun mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr yaranıb.
2015-ci ildə başlanan cinayət işi üzrə nazirliyin 11 vəzifəli şəxsi həbs olunmuş, hökm zamanı onlardan 5 nəfəri şərti cəza alaraq azadlığa buraxılmışdı. O.Rüstəmova da şərti cəza verilmişdi. Təqsirləndirilən şəxslərin əmlakları müsadirə olunmuşdu. Dövlətə vurulan ziyanı ödədikdən sonra “rabitəçilər”in 2009-cu ilə qədər əldə etdikləri əmlakların üzərindən müsadirə götürülmüşdü. Bu qərar onların cinayət əməlini 2009-2015-ci illərdə törətməsi ilə əsaslandırılmışdı.
Qeyd edək ki, bugünkü proses üzrə “Azərpoçt”un sabiq rəhbəri Qəmbər Bəybalayevin həyat yoldaşı Gülüstan Bəybalayeva da maraqlı şəxs kimi tanınıb. Lakin onun hansı iddia ilə məhkəməyə müraciət etdiyi barədə dəqiq məlumat yoxdur. Məlumat üçün bildirək ki, Q.Bəybalayev 2017-ci ildə dövlətə vurduğu 2 milyon manat ziyanı ödəmişdi. O, 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Sözügedən işə hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılacaq.