28 C
Baku
Saturday, July 27, 2024

“AZZA” gömrük borcunu “ödəmədiyi” üçün cərimələnir

Azərbaycanda un və qənnadı məhsulları istehsal edən mağazalar şəbəkəsinə malik “AZZA” QSC barəsində gömrük borcunu “ödəmədiyi” üçün cərimə protokolu yazılıb.

Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi AZZA ilə bağlı Nəsimi Rayon Məhkəməsinə İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə protokol tərtib edib göndərib.

Adətən Bakı şəhəri ərazisində olan şəxslərlə bağlı cərimə protokolu Bakı Baş Gömrük İdarəsinin rəisi adından məhkəmələrə göndərilir.

İXM-in 505-ci maddəsinə görə, gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda – ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 faizindən 150 faizinədək məbləğdə cərimələnirlər. Lakin burada iki qeyd var ki,  bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İkinci isə, bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.

Bu protokolun imzalanması şirkətin artıq cərimələnməsi deyil. Belə ki, Məhkəmə, iş materiallarını araşdırmaqla şirkətin cərimə edilib-edilməyəcəyinə qərar verir.

Xatırladaq ki, AZZA 2004-cü ildən dövlət qeydiyyatındadır və onun 7 566 098 manat səhm kapitalı var. Ölkədə 3 istehsal müəssisəi, 96 mağazası və 1 100 nəfər işçisinin olduğunu bildirir.

Son xəbərlər
Digər xəbərlər