5 C
Baku
Thursday, February 29, 2024

Bəxti qara, qəlbi yara yol – Milyonları “udan” əjdaha

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan “M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi” yeni avtomobil yolunun çəkilişi davam edir.

30 illik yol dörd ildən sonra dağılmağa başlayıb

Əslində bu, son dönəmlərdə həmin istiqamətdə çəkilən ikinci yoldur. Həmin istiqamətdə bundan əvvəl yolun tikintisinə 2008-ci ildə start verilmişdi. O vaxt rəsmilər yolun istismar müddətinin 30 il olacağını demişdi. Amma dörd il tamam olmamış həmin yol dağılmağa başlayıb. Avtomobil yolunun 132 km-lik Bakı-Gəndov hissəsində 2012-ci ildə çatlar və dağılmış hissələr yaranıb, ardınca da təmir işləri başlayıb. Bu, onda yolun inşası zamanı yol verilən konstruktiv səhvlər, normadan artıq yüklənmiş yük maşınlarının hərəkəti ilə izah edilib. Baş verənlərlə bağlı sonradan Nəqliyyat Nazirliyinin keçmiş rəhbərliyindən ayrıca münasibət almaq mümkün olmayıb.

Birinci layihəyə 545 milyon manat xərclənib

2017-ci ildən isə sözügedən istiqamətdə yeni yol çəkilir.

Rəsmi məlumata görə, 2008-ci ilin mayında başlanan birinci layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Nəzərə alaq ki, onda 1 ABŞ dolları cəmi 78 qəpiyə bərabər idi. İndi isə 1 manat 70 qəpiyə yüksəlib.

Rəsmi məlumatda vurğulandığına görə, həmin vəsaitin 281 milyon 861 min 800 manatı “Bakı-Quba Rusiya dövlət sərhədi” avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu tikildiyi bildirilir.

Rəsmi məlumatda o da qeyd edilirdi ki, hazırda ləğv edilmiş “Azəryolservis” ASC-nin sifarişi ilə görülən inşaat işlərini “Akkord” Şirkətlər Qrupu Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirib.

Baş verənlərə, hələlik, “Akkord”dan da münasibət almaq mümkün olmayıb.

Yeni yola ilkin 150 milyon manat, sonra da…

2017-ci ildə start verilən ikinci layihə, yəni eyni istiqamətdə yeni ödənişli yolunun inşası ilə bağlı isə 2018-ci ilin fevralın 19-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 150 milyon manat ayrılıb.

2018-ci il iyulun 2-də sözügedən avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması məqsədilə 7.1 milyon manat əlavə vəsait də ayrılıb.

AAYDA-dan “Turan”a bildirilib ki, hazırda yeni yolun inşası davam etdirilir. İşlərin bitməsi gələn ilin əvvəlinə nəzərdə tutulur: “İşlər qrafikə uyğun maliyyə vəsaiti ayrıldıqca aparılır”.

Keyfiyyətə gəlincə isə, bildirilib ki, işlər tam olaraq inşaat qaydalarına uyğun aparılır.

Qurumdan habelə vurğulanıb ki, paralel olaraq köhnə yolun təmir işləri də davam etdirilir: “Onun ilk 30 kilometr hissəsi Sumqayıt şəhərinə qədər yenidən qurulub. Hazırda Zeynalabdin Tağıyev qəsəbəsi olan hissədə yenidənqurma işləri aparılır. Bu işlərin davam etdirilməsi nəzərdə tutulur”.

“Köhnə yolu yenidən təmir etmək daha asan idi”

İqtisadçı Toğrul Vəliyev isə Azadlıq Radiosuna bildirib ki, Bakı-Quba-Rusiya Federasiyası alternativ yolunun tikilməsinin səbəbləri aydın deyil: “Çünki bizdə artıq bir yol var, sadəcə, o yol yararsızdır deyə, yeni yol tikirlər. Baxmayaraq ki, köhnə yolu yenidən təmir etmək daha asan idi”.

Ekspertin sözlərinə görə, iqtisadi münasibətlər o qədər geniş deyil ki, iki yola ehtiyac olsun: “Belə olan halda bir yol boş qalacaq”.

Onun fikrincə, Azərbaycanda şəffaflıq problemi var: “Müqavilələr bir çox hallarda qeyri-şəffaf olur, hətta bilinmir kim kimlə necə müqavilə imzalayıb, məbləğ barədə isə biz yalnız prezidentin sərəncamlarından məlumat ala bilirik. Hətta imzalanmış sərəncamlar çox vaxtı dərc edilmir”.

T.Vəliyev qeyd edib ki, bu işlərdə hesabatlılıq yoxdur: “Prezident 2018-ci ildə 150 milyon manat vəsait ayırdı. Qalan vəsaitlər barədə bizim heç bir məlumatımız yoxdur. Çünki investisiya vəsaitləri çərçivəsində ayrılıb, o maddələr isə gizli olaraq saxlanılır”.

“Keyfiyyətin olmaması”

İqtisadçı deyir ki, yolların tez-tez yararsız vəziyyətə düşməsinin səbəblərdən biri keyfiyyətin olmamasıdır: “Keyfiyyətli təmir və tikinti üçün korrupsiya aradan qalxmalıdır. Korrupsiyanın aradan qalxması üçün isə ilk növbədə şəffaflıq lazımdır. Son iki ildir AAYDA neçə yollar tikilib, nə qədər asfalt istifadə olunması barədə məlumat yaysa da, əsas məlumatları dərc etmir. Podratçılar, təmir-tikinti işlərinin hansı vəsaitin hesabına aparıldığı, tələblər barədə məlumat yoxdur. Nəticədə ya yollar keyfiyyətsiz olur, ya da düzgün istismar olunmur”.

Azərbaycan rəsmiləri isə, bir qayda olaraq, deyirlər ki, ölkədə korrupsiya ilə mübarizədə ciddi hakim iradə var.

Son xəbərlər
Digər xəbərlər