27 C
Baku
Saturday, July 27, 2024

“Bəzən haqsız olaraq deyirlər ki, Azərbaycan neftdən asılıdır”

Milli Məclisdə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub. Büdcə zərfi barədə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, 2019-cu il üçün gömrük daxilolmaları 3 milyard 450 milyon manat proqnozlaşdırılır. Banker.az bildirir ki, bu 2018-ci il proqnozundan 8,2 faiz çoxdur.

Komitə sədri dedi ki, büdcə xərcləri ÜDM-in 30 fazini təşkil edəcək: “Mən arzu edərdim ki, gələcəkdə büdcə xərcləri ÜDM-in 34-35 faizini təşkil etsin”.

“Biz tədricən dövlət büdcəsin xərclərində cari xərcləri heç olmasa 1-2 faiz artırmalıyıq. Bu addım bir çox millət vəkillərinin qaldırdıqları problemlərin maliyyə təminatını təşkil edə bilər” – Z.Səmədzadə əlavə etdi.

O, dedi ki, bu gün Azərbaycanda əmək haqqı digər ölkələrlə müqayisədə çox aşağıdır. Komitə sədrinin sözlərinə görə, bunun səbəbi var. Çünki əməkhaqlarının uçotu düzgün aparılmır: “Məhz bu səbəbdən də Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır. Ona görə də vergilər sistemində nəzərdə tutulan dəyişikliliklər heç şübhəsiz ki, gələcəkdə Azərbaycanda vergi bazasının artmasına, büdcə gəlirlərinin və onun strukturunun daha da yüksəlməsinə öz təsirini göstərəcək”.

Z.Səmədzadə bildirdi ki, biz bəzən qeyri-neft sektorunu şişirdirik: “Bəzən haqsız olaraq deyirlər ki, Azərbaycan neftdən asılıdır. Biz Neft Fondu hesabına Azərbaycan iqtisadiyyatını inkişaf etdirmişik, Qəbələ-Bakı su kəmərini çəkmişik, dəmir yolunu modernləşdirmişik”.

Komitə sədri sosial xərclərin artırılmasına da diqqət çəkdi və dövlətin bu sahəni prioritet hesab etdiyini vurğuladı: “Azərbaycan dövləti son illərdə bir dəfə də olsun, sosial xərclərin azalmasına getməyib, əksinə, bu sahəyə əlavə vəsaitlər ayırıb”.

Z.Səmədzadə 25 milyard manatdan artıq olan dövlət büdcəsinin 33 fazinin sosial xərclərə ayrıldığını dedi.

Z.Səmədzadə sonda büdcə haqqında qanunu yüksək qiymətləndirdi.

©Musavat

Son xəbərlər
Digər xəbərlər