Dubayda yaşayan xarici vətəndaşlığı olan qadın sosial şəbəkələrdə özünü bədbəxt nikahın qurbanı kimi qələmə verərək, yerli əhalidən 17 gündə 184 min dirhəm (50 min dollar) əldə edib.
Bu barədə Dubay polisinin rəsmi hesabatında deyilir.
Dubay polisinin cinayət işlərinin araşdırılması üzrə departamentinin rəisi Camal Salem Əl Callaf bildirib ki, bu qadın dələduzluq məqsədilə Facebook, Instagram və Twitter sosial şəbəkələrində ünvan açaraq, orada ayrıldığı həyat yoldaşının yanında uzun illər yaşayan uşaqlarının şəkillərini yerləşdirib. Övladlarının şəkillərindən yardım istəmək məqsədilə istifadə edən qadının keçmiş həyat yoldaşı bu barədə qohumları vasitəsilə xəbər tutan kimi “onlayn eCrime” platforması vasitəsilə polisə müraciət edib.
Camal Salem Əl Callaf, həmçinin bildirib ki, Ramazan ayı ərzində Dubayda 128 dilənçi saxlanılıb – 85 kişi və 43 qadın. Onlardan 108-i xarici vətəndaş, 19-u yerli və biri Fars körfəzindəndir. Saxlanılmış şəxslərdən müsadirə edilən pulun ümumi həcmi 38 min dirhəmdən çoxdur.
Qeyd edək ki, BƏƏ-də internet vasitəsilə dilənçilik etmək cinayət sayılır və bu cinayətə görə cəza tədbirləri qanunla tənzimlənir. Belə ki, cinayəti törətmiş şəxsləri azadlıqdan məhrumetmə və 25 mindən 50 min dirhəmə qədər cərimə gözləyir.
AZƏRTAC