2 C
Baku
Saturday, December 14, 2024

“Bələdiyyələrin statusu haqqında” qanunda dəyişiklik edildi

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1642-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3-cü hissə (birinci halda) üzrə:

3.1.1. ikinci–beşinci abzaslar müvafiq olaraq 3.1-ci, 3.2-ci, 3.3-cü və 3.6-cı bəndlər hesab edilsin;

3.1.2. 3.3-cü bəndə “3-cü bəndində” sözlərindən sonra “, 49-1-ci maddəsində” sözləri əlavə edilsin;

3.1.3. aşağıdakı məzmunda 3.4-cü və 3.5-ci bəndlər əlavə edilsin:

“3.4. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;

3.5. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (təcrübə mübadiləsi ediləcək müvafiq xarici dövlətlərlə, yerli özünüidarəetmə orqanlarının assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəyi nəzərə alınmaqla) həyata keçirir;”;

3.2. 3-cü hissə (ikinci halda) dördüncü hissə hesab edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 avqust 2019-cu il.


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 405; 2001, № 11, maddələr 689, 690, № 12, maddə 736; 2002, № 5, maddə 242; 2003, № 1, maddələr 11, 16, № 6, maddə 256; 2004, № 1, maddə 10, № 4, maddə 202, № 5, maddə 314, № 6, maddə 397; 2005, № 2, maddə 62; 2006, № 2, maddə 67, № 11, maddə 923, № 12, maddə 1005; 2007, № 11, maddələr 1053, 1082; 2008, № 5, maddə 354; 2009, № 6, maddə 410; 2010, № 3, maddə 173, № 4, maddələr 275, 276; 2011, № 2, maddə 71, № 12, maddə 1074; 2012, № 6, maddə 523; 2014, № 8, maddə 956, № 11, maddə 1376; 2015, № 2, maddələr 77, 88, № 5, maddə 485; 2017, № 1, maddə 3, № 5, maddə 707; 2018, № 1, maddə 28, № 11, maddələr 2196, 2218) aşağıdakı dəyişikliklər edilsin:

1. 10-1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Müvafiq icra hakimiyyəti orqanı bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsini təşkil edir.”.

2. Aşağıdakı məzmunda 49-1-ci maddə əlavə edilsin:

“Maddə 49-1. Bələdiyyə fəaliyyətinin təşkilinə kömək göstərilməsi

Müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2019-cu il.

Son xəbərlər
Digər xəbərlər