Bərdə-Ağdam dəmir yolu layihəsi üzrə işləriin 90 %-i icra olunub və artıq demək olar ki, Ağdam şəhərinin mərkəzinə qədər uzanan dəmir yolu xətti tikilib.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova deyib.
Onun sözlərinə görə, 2023-cü il Qarabağda dəmir yolu infrastrukturunun qurulması baxımından da əlamətdar bir il olub:
“İşğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturunun yenidən qurulmasına 2020-ci ildən başlanılıb. Artıq demək olar ki, biz Ağdam şəhərinin mərkəzinə kimi dəmir yolu xətti inşa edilib. Hazırda Bərdə, Təzəkənd və Köçərli stansiyalarının tikintisi başa çatmaq üzrədir. Ümumilikdə ümumi oxu üzrə 47,1 km uzunluğunda olan dəmir yolu xəttinin inşası yekunlaşır. Təbii ki, onun təsərrüfat obyektləri, yeni yardımçı infrastruktur layihələri tamamlandıqdan sonra layihə tam hazır olacaq”.
S. Nəzərova vurğulayıb ki, bu il ərzində həmçinin dəmir yolu və avtovağzal kompleksinin yeni vahid nəqliyyat qovşağı olaraq tikintisinə start veriləcək: “Bununla yanaşı, Bakı-Böyük-Kəsik dəmiryolu xəttinin Qarabağ qolu hesab olunan Yevlax-Bərdə yolunun layihələndirilməsi aparılır və məqsədimiz mərhələli şəkildə ölkə boyu dəmir yolu infrastrukturunun, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə yenidən qurulması, sağlamlaşdırılmasıdır”.