“Azərbaycan Dəmir Yolları” QSC işğaldan azad edilən ərazilərdə 2 böyük layihə icra edir. Bunlardan biri Bərdə-Ağdam, digəri isə Horadiz-Ağbənd dəmir yolu xətlərinin tikintisidir.
Bu sözləri Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupunun Füzuli Beynəlxalq Hava Limanında keçirilən iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin müşaviri Nazim Talıbov deyib.
O bildirib ki, Bərdə-Ağdam dəmir yolu xəttinin uzunluğu 47.3 kilometrdir. Yol boyu 4 stansiyanın tikintisi nəzərdə tutulub və işlərin 90 faizi həyata keçirilib. Tikintinin cari ildə başa çatdırılması planlaşdırılıb.
Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu isə 110 kilometrdir. Yol boyu 9 stansiyanın tikintisi həyata keçirilir. Bu yolun inşasının 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.