Bəzi şirkətlər indidən Azərbaycana hibrid avtomobil və elektromobillərin idxalını dayandırıb. Azərbaycanda hibrid və elektromobillərə tətbiq olunan gömrük güzəştləri ilin sonunda başa çatır. Bir çox şirkətlər də xaricdən avtomobillərin ən tez 3-4 aya gəldiyini nəzərə alaraq, idxalı dayandırıblar. Yəni riskə getmirlər. Güzəştin davam edəcəyi, yoxsa dayandırılacağı isə hələ ki, bəlli deyil.
Üç ildir ekoloji təmiz nəqliyyat vasitələri gömrük və əlavə dəyər vergisindən azad edilib.
1-yanvar 2026-cı il tarixindən hibrid və elektromobillərə edilən güzəşt müdətinin başa çatması avtomobil idxalına da təsir edəcək. Bunu indidən bir çox idxalçı şirkətlərin avtomobil gətirilməsini müvəqqəti dayandırmaları deməyə əsas verir.
Avtomobil idxal edən şirkətin rəhbəri İlqar Əliyev hesab edir ki, 2022-ci ildə hibrid və elektromobillərə edilən 3 illik güzəşt müddətinin uzadılması hazırda sual altında olduğundan müştərilər də belə növ avtomobil almaqda ehtiyat edirlər.
Millət vəkili Azər Badamov isə hesab edir ki, güzəşt müddətinin uzadılması vacibdir. Bu həm ekologiyanın qorunması, həm də avtomobil parkının yenilənməsi baxımından çox əhəmiyyətlidir.
Ekspertlərin fikrincə, əgər güzəşt müddəti uzadılmasa, hibrid və elektromobillərin qiymətində artım istisina edilmir.