“WhatsApp” tərtibatçıları arzuolunmaz mesajların göndərilməsindən sui-istifadə edən hesablar üçün məhdudiyyətlər sistemi tətbiq etməyi planlaşdırır.
Məlumata görə, yenilik “WhatsApp”ın “Android” üçün 2.24.10.5 nömrəli beta versiyasında yoxlanılıb. O, istifadəçilərin müvəqqəti bloklanmasını nəzərdə tutur ki, bu da onların yeni söhbətlər yaratmasına mane olacaq.
Mesencer hərtərəfli şifrələmədən istifadə etdiyinə görə, sistem mesajların özlərini görə bilməyəcək, lakin istifadəçi davranışına əsasən spamı müəyyən edə biləcək. Məsələn, toplu mesajlar və tez-tez mesajlar göndərmək üçün avtomatlaşdırılmış vasitələrdən istifadə edərkən istifadəçi spamer kimi müəyyən ediləcək.
Nəzərdə tutulan cəzalar avtomatik və müvəqqəti olacaq, yəni bloklanmış istifadəçilər mesajlar almağa və mövcud qruplarda əlaqə saxlamağa davam edəcəklər, lakin müəyyən müddət ərzində yeni çatlara qoşula və ya yeni dialoqlara başlaya bilməyəcəklər.
Yeni məhdudiyyətlərin nə vaxt qüvvəyə minəcəyi açıqlanmır.