Daşkəsən polisi oğurluqda şübhəli bilinən 3 nəfərdən ibarət dəstəni zərərsizləşdirib. İki qardaş dostları ilə əlbir olaraq dayısının və xalasının evini qarət edib.
Lent.az-ın məlumatına görə, Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xoşbulaq kəndində Pərvanə Novruzovaya məxsus evi qarət edən Gəncə sakinlər 26 yaşlı Emin və 22 yaşlı Sultan Əliyev qardaşları, eləcə də onların yaxın dostu 33 yaşlı Ürfan Məhərrəmov saxlanılıb. Onlar evdən seyfi, müxtəlif markalı televizorlar, DVD-lər, eləcə də xeyli miqdarda qiymətli məişət əşyalarını oğurlayıblar. Bundan başqa, polisin araşdırması zamanı məlum olub ki, qardaşlar dostları ilə birlikdə bir müddət əvvəl dayıları Məhəmmədli Novruzovun da evindən oğurluq ediblər. Polis hər iki evdən oğurlanan maddi sübutları aşkarlayaraq istintaqa təqdim edib.
Saxlanılan hər üç şəxs Novruzovların evindən oğurluq etdiklərini etiraf ediblər. Nə qədər qəribə olsa da, Emin və Sultan Əliyev qardaşları yaxın qohumlarının evilərini qarət etdikləri üçün peşiman deyillər.
Hər iki faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq aparılır.
Qeyd edək ki, qeyd edək ki, oğurluğa görə tutulan qardaşların xalası Pərvanə Novruzova “Gəncəbank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir.