“The Wall Street Journal”ın (WSJ) məlumatına görə, Uorren Baffettin “Berkshire Hathaway” şirkəti Amerikanın “Occidental Petroleum” şirkətinə məxsus neft-kimya bölməsi “OxyChem”i almaq üçün əsas namizəddir. Müqavilənin dəyərinin təxminən 10 milyard dollar olacağı gözlənilir. Bu, son üç ildə Baffettin investisiya şirkəti üçün ən böyük alış olacaq.
Bundan əvvəl “Financial Times” yazmışdı ki, “Occidental Petroleum” borclarını azaltmaq məqsədilə aktivlərini satır və “OxyChem”i 10 milyard dollara satmağa hazırdır, həmçinin potensial alıcılarla danışıqlar aparır. Lakin o zaman qəzet namizədlərin adlarını açıqlamamışdı.
“Occidental” şirkətinin bazar dəyəri təxminən 46 milyard dollar təşkil edir və “Berkshire” artıq onun ən böyük səhmdarıdır. “OxyChem” bölməsi isə müxtəlif sahələr üçün kimyəvi maddələr istehsal edir və satır, o cümlədən suyun xlorlanması, akkumulyatorların emalı və kağız istehsalı üçün. İyun ayınadək olan son 12 ayda bölmənin satış həcmi təxminən 5 milyard dollar olub.