Yay mövsümü ilə əlaqədar bağ evlərinin qiymətində artım müşahidə olunur.
Çünki bu aylarda bağ evlərinə kütləvi tələbat yaranır ki, bu da real olaraq qiymət artımına səbəb olur. Qiymətin kəskin şəkildə artması isə bəzən ciddi narazılıqlara səbəb olur.
Rayonlarda yerləşən bağ evlərini kirayə verərkən də bəlli qiymət dəyişimi nəzərə çarpır. Səbəb isə qış aylarından fərqli olaraq, bu yerlərə turist axının güclənməsidir. Buna görə də bəzi turistik zonalarda kirayə ev qiymətlərində iki dəfəyə yaxın artım müşahidə edilir.
Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Bizim.Media ilə fikirlərini bölüşüb.
Onun sözlərinə görə, qiymət artımı ənənə halını alaraq hər il bu vaxtlarda başlayır və yayın sonuna qədər davam edir. Buna görə də insanlar daha çox ev kirayə götürməyi optimal yol hesab edirlər:
“Mövsümi olaraq bağ evlərinin həm satış qiymətləri, həm də kirayə qiymətlərində müəyyən dəyişikliklər baş verir. Yay mövsümündə tətilə çıxan ailələr, məktəblilər istirahət üçün xüsusilə bağ evləri ilə maraqlanırlar. Bu da həmin evlərin qiymətində müəyyən dəyişikliklərə səbəb olur. Yəni qiymətlər tələbat olduğu üçün artır.
Artıq neçə ildir ki, insanlar bağ evlərinə külli miqdarda pul sərf edib almaqdansa, kirayə götürməyi üstün tuturlar. Çünki bir neçə ay üçün insanlar artıq xərc çəkməkdənsə, müvəqqəti kirayə tutmağı əlverişli hesab edirlər. Belə olan halda bağ evlərinin qiymətləri yalnız yay ayları yekunlaşdıqdan sonra əvvəlki vəziyyətinə qayıdır”.
Ekspert bildirir ki, qiymətlərin qalxması təkcə mövsümi xarakter daşımır, həm də bir çox siyasi və iqtisadi faktorların da buna təsiri var:
“Qiymət artımı təkcə mövsümi xarakter daşımır, həm də manatın alıcılıq dəyəri, ölkədəki iqtisadi vəziyyət buna təsir edir. Bu baxımdan, hesab edirəm ki, bu yay da qiymətlərin ötən illə müqayisədə 10-15 faiz artması gözlənilir. Bu tip evlər yerləşməsindən və komfort səviyyəsindən asılı olaraq aylıq kirayə qiyməti 1 000-3 500 manat arasında dəyişə bilir. Bəzi evlərdə istirahət üçün əlavə tikililər olduğuna görə onlar daha yuxarı qiymətə təklif edilir. Həmçinin bu proses xaricdə baş verən hadisələrlə də bağlı dəyişır.
Belə ki, qardaş ölkə Türkiyədə zəlzələnin baş verməsi və hələ də təkanların olması ehtimalının qalması insanların bağ evlərinə daha çox müraciət etməsinə səbəb olur. Hazırda bazarda qiymətlər ötən illə müqayisədə 7-8 faiz artıb”.
Vüqar Oruc rayonlardakı kirayə mənzillərin qiymətlərinin artmasından da söz açıb:
“Rayonlara gəlincə isə daha çox müvəqqəti kotteclər, villalar və kiçik fərdi yaşayış evləri hal-hazırda gündəmdədir. Onların təhlilini apardıqda isə görürük ki, hər il qiymətlər yüksəlir. Əvvəllər bu qiymətlər gündəlik 30-40 manat arası dəyişirdisə, hazırda yerindən asılı olaraq 60-150 manat arası və daha yüksək ola bilir.
Bu, həmçinin, xarici investisiyaların, turistlərin ölkəmizə gəlişi ilə də bağlıdır. İşğal altında olan torpaqlarımızın azad edilməsindən sonra xarici investorların, kapital sərmayəçilərinin bölgəyə diqqəti artıb. Bu da ölkəmizin iqtisadi cəhətdən inkişafına səbəb olmaqla yanaşı, bir sıra sahələrdə qiymətlərin həddən artıq bahalaşmasına da gətirib çıxarır”