Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin sənədləri qaydasında olan qorunan əmanətçilərə seçilmiş agent banklar tərəfindən 24,8 mln. manatdan artıq kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb. Həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.
Bundan başqa, Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, 30 iyul 2007-ci ildən Fonda üzv olan “Gəncəbank” ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib.
“Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 4 fevral 2016-cı il tarixindən etibarən başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 1,04 milyon manatdan artıq kompensasiya ödənilib.
Ərizə formalarını “Bank of Azerbaijan” ASC və “Gəncəbank” ASC-nin qorunan əmanətçiləri Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, habelə adıçəkilən bankların filiallarından, agent bankların filiallarından və www.adif.az saytından əldə edə bilərlər.
Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.
APA-Economics