18 C
Baku
Thursday, April 18, 2024

Bağlanan müəssisələr ləğvetməyə niyə getmirlər?

Ləğvetmə prosedurları ağır proses olduğundan əksər bağlanan müəssisələr buna getmir. Bunu vergiler.az onlayn qəzetinə verdiyi aşıqlamasında iqtisadçı Rəşad Əliyev bildirib. Onun sözlərinə görə prosedurun həyata keçirilməsi əsasən hansısa “qarşısıalınmaz” (məhkəmə qərarı, təsisçilərin tələbi və s.) səbəbdən başlayır. Belə səbəb olmadıqda vergi ödəyiciləri vergi orqanına fəaliyyətin dayandırılması haqqında ərizə ilə müraciət edirlər. Bu üsulla onlar müəssisənin fəaliyyətini qeyri-müəyyən müddətə konservasiya edirlər. Əminliklə deyə bilərəm ki, hazırda vergi orqanına uçotda çoxlu sayda belə müəssisə var. Onların bəziləri nə vaxtsa eyni və ya digər fəaliyyətlə məşğul olmaq üçün fəaliyyətini bərpa edəcəklər, bəziləri isə ümumiyyətlə “adını uçotda” saxlamaqda davam edəcəklər. Sonuncu məsələ, çox güman ki, nə vaxtsa aktuallaşacaq və qanunvericilikdə bununla bağlı dəyişikliklər olunacaq.

İqtisadçı ekspert Rəşad Əliyev bildirib ki, ləğvetmə proseduru ləğvetmə komissiyası tərəfindən yerinə yetirildiyi üçün bu prosesdə müəssisənin mövcud vergi öhdəlikləri həmin komissiya tərəfindən yerinə yetirilir: “Vergi öhdəliklərinin bu zaman 2 növü olur: ləğvetmə prosedurları ilə əlaqəli formalaşmayan öhdəliklər və proses zamanı (məsələn, dividend üzrə vergi) yaranan öhdəliklər. Vergi öhdəliklərinin yerinə yetirilməsi üçün pul olmadıqda bu öhdəliklər aktivlərin satışından daxil edilən vəsaitlər hesabına həyata keçirilir.
Müəssisələrin ləğvetmə prosedurunda vergi öhdəliklərinin icrası prosesinin ağırlığı müəssisənin ləğv olunması səbəblərindən və şəraitindən asılı olur. Müəssisələrin ləğvi əksər hallarda neqativ səbəblərlə (məsələn, iflas və ya davamlı zərərli fəaliyyət) bağlı olduğundan, bir çox hallarda proses problemlərlə müşayiət edilir. Əsas problem, sözsüz ki, müəssisənin təkcə vergi üzrə yox, eyni zamanda işçiləri və kreditorları qarşısında öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olur. Bu hallarda, sözsüz ki, öhdəliklər bir çox hallarda tam yerinə yetirilmir. Əgər ləğvetmə zamanı müəssisə vergi öhdəliklərini tam həcmdə yerinə yetirə bilmirsə, bu halda qalan borcun alınması ehtimalı qanunvericiliyə və müəssisənin daxili sənədlərinin (nizamnamə və ya digər təsis sənədi) müddəalarına uyğun həyata keçirilir”.

R.Əliyev qeyd edib ki, müəssisənin iflas prosesinə məruz qaldığı hallarda vergi öhdəlikləri növbəlilik qaydasında yerinə yetirilir: “İflas zamanı vergi ödənişləri iflasla bağlı xərclər (məhkəmə, əmlak inzibatçısı və s.) və müəyyən edilmiş qaydada işçilərlə hesablaşmalardan sonra aparılır. Təəssüflər olsun ki, iflas prosesində öhdəliklər nadir hallarda yerinə yetirilir. Vergi Məcəlləsində vergi öhdəliklərinə xitam verilməsi halları qeyd olunub”.

 

Son xəbərlər
Digər xəbərlər