Azərbaycan cari ilin birinci rübündə ixracı 7.98 mlrd. dollara çatdırıb, öncəki illə müqayisədə 92% artırsa da, ilk rübün ayları üzrə sıralamada azalma trendi var.
Bu barədə Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Cari ilin yanvarında ixrac həcmi 3.09 mlrd. dollar, fevralında 2.88 mlrd dollar və martında isə 2.01 mlrd. dollar təşkil edib. Beləliklə, fevralda ixracda 206 mln. dollar və martda isə 868 mln. dollar azalma var.
Bu azalmağa səbəb isə, şübhəsiz Azərbaycanda ixracın 46% paya sahib olan neft bitumlu xam neftidir. Bu xam əmtəənin ixracında mühüm “downtrend” müşahidə edilməkdədir.
Dünya birjalarında pandemiyadan sonra dirçələn iqtisadiyyatlar, bunun fonunda neft təchizatında Rusiya-Ukrayna müharibəsinin gətirdiyi qorxu ilə fyuçerslər və spotlar üzrə qiymətlər artıq son 10 ilin maksimumundadır. Məsələn Brent neftinin fyuçerslər üzrə dəyəri mart ayının ikinci dekadasında 120 dollar/barel, spot üzrə isə 130 dollar/barreli ötüb.
Azərbaycan cari ilin birinci rübündə ümumilikdə 43.8 mln. barrel xam neft ixrac edib. Bu rübün yanvarında 26.08 mln. barrel (2.03 mlrd. dollar), fevralında 10.38 mln. barrel (912 mln. dollar) və martında isə 7.34 mln. barrel (736 mln. dollar) xam neft satıb.
Analoji hal 2021-ci ilin birinci rübündə də qeydə alınmışdı. Məsələn, 2021-ci ilin ilk rübündə müvafiq olaraq aylıq ifadədə neft ixracı 29.87 mln, 12.5 mln və 10.07 mln. barrel təşkil edirdi.
Banker.az-ın hesablamalarına görə, Azərbaycanın xaricə satdığı neftin bir barreli 2022-ci ilin yanvarında 78 dollar, fevralda 88 dollar və martda isə 100 dollar olub.
Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və neft qiymətlərini pandemiya dövründə “diriltmək” üçün eyni alyansda olan ölkələr, hansı ki, bu qrup birlikdə OPEC+ adlanır – Azərbaycan üçün gündəlik ifadədə birinci rübün ayları üzrə müvafiq olaraq 661 min, 668 min və 675 min barrel hasilatına razılaşıblar. Lakin bunlara rəğmən, bahalı neftin xaricə satışı azalmışdır.
Həmçinin Azərbaycan Türkəministandan da neft idxalını bərpa edib. Bununla bağlı ətraflı oxuya bilərsiniz.