7 C
Baku
Saturday, December 27, 2025

“Bahar” və “Qum-Dəniz” yataqlarının yenidən işlənməsi çərçivəsində ilk neftin əldə olunacağı tarix açıqlanıb

“Bahar” və “Qum-Dəniz” yataqlarının İlkin Hasilat Sxemi üzrə yenidən işlənmə layihəsi çərçivəsində müvafiq addımlar atılır.

Bu barədə “Bahar Energy Operating Company Limited” (BEOC) şirkətinin məlumatında bildirilib.

SOCAR tərəfindən son illərdə həyata keçirilən Korporativ strategiyaya uyğun olaraq mövcud neft-qaz yataqlarının potensialı və əməliyyat səmərəliliyi yenidən qiymətləndirilməkdədir.

Bu xüsusda, “Bahar” və “Qum-Dəniz” yataqlarının İlkin Hasilat Sxemi üzrə yenidən İşlənmə layihəsi çərçivəsində BEOC və SLB şirkətləri arasında müqavilə bağlanılıb. 2026-cı ilin yanvar ayına qədər “Bahar” yatağının statik və dinamik modellərinin, ilkin hasilat sxemi çərçivəsində quyu qazma, tamamlanma proqramını da əhatə edən işlənmə planının hazırlanması, yataqların işlənmə planı üçün əlverişli sahələrin müəyyənləşdirilməsi işləri nəzərdə tutulub. Həmçinin ilkin işlənmə quyularının təyin edilməsi, quyuların qazma və tamamlanması üçün konseptual mühəndislik layihələndirilməsinin aparılması, eləcə də layihəni “müəyyən et” və “icra et” mərhələləri üçün iş həcminin, iş qrafikinin və büdcə planının hazırlanması işlərinin yekunlaşdırılması razılaşdırılıb.

Layihə çərçivəsində müasir texnoloji standartlara uyğun infrastrukturun qurulması, yeni hasilat və kəşfiyyat quyularının qazılması, eləcə də istehsalat və nəqliyyat sistemlərinin modernləşdirilməsi nəticəsində ilkin neftin 2027-ci ilin sonu – 2028-ci ilin əvvəli əldə edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, “Bahar” və “Qum-dəniz” yataqlarının idarəçiliyi üzrə pay bölgüsündə dəyişiklik edilib və 15 avqust 2025-ci il tarixindən etibarən “Bahar Energy Operating Company Ltd”də (BEOC) payların 100%-nin SOCAR tərəfindən alınması təmin olunub. Beləliklə, layihə HPBS (Hasilatın Pay Bölgüsü Sazişi) əsasında SOCAR tərəfindən idarə olunur. Şirkət tərəfindən “Bahar” yatağı üzrə payların qismən (60–70%) ötürülməsi ilə əlaqədar strateji yol xəritəsi hazırlanıb və 2026-cı ilin birinci rübündə investorların cəlb olunması istiqamətində işlər davam etdirilir.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər