Çinin internet nəhəngi “Baidu Inc.” bu il tarixində ilk dəfə dividend ödəməyi planlaşdırır. Şirkətin açıqlamasında bildirilir ki, gələcək dividend ödənişlərinin elan edilməsi, vaxtı və məbləği maliyyə göstəriciləri, kapital tələbatı və bazar şərtləri kimi amillər nəzərə alınaraq direktorlar şurasının qərarı ilə müəyyən ediləcək.
Bundan əlavə, “Baidu” ümumi məbləği 5 milyard dollar olan geri alış (buyback) proqramını elan edib. Proqram 31 dekabr 2028-ci ilədək qüvvədə olacaq. Alışlar açıq bazarda mərhələli şəkildə həyata keçiriləcək.
Eyni həcmdə əvvəlki buyback proqramı 2023-cü ildə başlamış və 2025-ci ilin sonunadək davam etmişdi.
2025-ci ilin sentyabr ayına olan məlumata görə, “Baidu”nun pul vəsaitləri və investisiyalarının həcmi 296,4 milyard yuan (təxminən 42,7 milyard dollar) təşkil edib.
Honq-Konq birjasında keçirilən ticarətin yekunlarına əsasən, “Baidu” səhmləri cümə axşamı 2,7% artıb. Son 12 ayda şirkətin bazar kapitallaşması təxminən 63% yüksəlib, halbuki “Hang Seng Index” bu dövrdə 27% artım göstərib.
Bundan əvvəl “Baidu Inc.” süni intellekt çiplərinin istehsalı ilə məşğul olan “Kunlunxin” bölməsinin Honq-Konq fond birjasında listinq üçün müraciət etdiyini açıqlamışdı.







