Bakcell şirkəti 2016-ci ildən başlayaraq yeni nömrə prefiksinin (099) ayrılması üçün dəfələrlə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib. Azərbaycanın ilk mobil operatoru olmasına və rəqiblərinin artıq uzun müddətdir ki, iki prefiksə sahib olmasına baxmayaraq “Bakcell”in ikinci prefiksi və əlavə nömrə resurslarını əldə etməsinə süni maneələr yaradılıb.
Banker.az xəbər verir ki, bu barədə “Bakcell” MMC-nin açıqlamasında deyilir.
Şirkət, yaradılan maneənin aradan qaldırılması və müvafiq prefiksin (099) ayrılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edib. Xidmətin 14 iyun 2019-cu il tarixli Göstərişində “Bakcell” MMC-nin fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş dövlət inhisarçılığının qarşısının alınması və aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “099” kodu ilə başlayan nömrə resurslarının qanunvericiliyə uyğun şəkildə “Bakcell” MMC-yə ayrılması tələb olunur.
Oxşar yazı: “Nə üçün Azercell-in 3, Bakcell-in isə 1 kodu olmalıdır?”
Buna baxmayaraq, Nazirlik Antiinhisar Xidmətinin göstərişinə məhəl qoymayıb və yalnız rəqib mobil operator olan “Azercell” şirkətinə “010”la başlayan üçüncü prefiksin verilməsindən sonra “Bakcell”ə “099” prefiksinin ayrılması haqqında məktub göndərib. Lakin indiyə kimi qeyd olunan prefiksin ayrılmasına dair müqavilə Nazirlik tərəfindən müxtəlif bəhanələrlə gecikdirilir.
Bununla da “Bakcell” şirkətinə qarşı haqsız rəqabətin dəstəklənməsi və şirkətin hüquqlarının pozulması davam etməkdədir.