Bu ilin fevral ayında Azərbaycanın əsas hava limanı – Heydər Əliyev Beynəlxalq Aeroportu 310 mindən çox sərnişinə xidmət göstərərək rekorda imza atıb. Bu rəqəm əvvəlki illərin fevral ayı, o cümlədən pandemiyadan əvvəlki dövr üzrə rekord göstəricidir.
Banker.az xəbər verir ki, 2023-cü ilin fevral ayında bu rəqəm 312,883 min nəfər idisə, 2019-cu ilin eyni dövründə bu göstərici 243,165 min nəfərə bərabər olub.
2023-cü ilin fevral ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 25 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişin “Turkish Airlines”, “Aeroflot”, “Utair”, “Azimuth” və “WizzAir” aviaşirkətləri ilə daşınıb.
Fevral ayı ərzində Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Əbu-Dabi, Mineralnıye Vodı, Ciddə, Şarja, Ankara və Daşkənd daxil olub. Ümumilikdə bu istiqamətlər üzrə 193 min sərnişinə xidmət göstərilib.