Azərbaycan, Qazaxıstan və Özbəkistan “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında hökumətlərarası saziş imzalamağı planlaşdırır.
Bu barədə Qazaxıstan hökumətinin məlumatında bildirilir.
Saziş layihəsində enerji sektorunda, o cümlədən təmiz, bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində əməkdaşlığı gücləndirmək üçün üçtərəfli razılıq əldə olunub.
Bundan əlavə, tərəflər bir sıra sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər. Buraya bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi və təchizatı sahəsi, ekoloji cəhətdən təmiz hidrogen və ammonyakın istehsalı, daşınması və ticarəti üzrə layihələri müəyyənləşdirmək daxildir.
Sənəddə, həmçinin tərəflərin Avropa və digər regionlara “təmiz enerji” təchizatını təşkil etmək, yeni texnologiyaların tətbiqi, enerji səmərəliliyinin və enerjiyə qənaətin artırılması üzrə xidmətlərin inkişafı sahəsində əməkdaşlıq niyyətləri öz əksini tapıb.
Sazişin həyata keçirilməsi üçün illik əməkdaşlıq planlarını hazırlayacaq Rəhbər Komitə və İşçi Qrup yaradılacaq.
Saziş qeyri-müəyyən müddətə bağlanacaq.
Xatırladaq ki, Qazaxıstan, Azərbaycan və Özbəkistanın energetika nazirləri 2024-cü il mayın 1-də Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində üç respublikanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Əməkdaşlıq Memorandumu imzalayıblar. Sənəd Memorandum iştirakçıları tərəfindən Azərbaycan, Qazaxıstan və Özbəkistandan texniki və iqtisadi baxımdan ən optimal “yaşıl enerji” ticarətini həyata keçirmək üçün Xəzər dənizinin dibi ilə və digər dövlətlərin ərazisində yüksək gərginlikli kabel çəkilməsi yolu ilə üç ölkənin enerji sistemlərinin birləşdirilməsinin imkanlarının öyrənilməsini nəzərdə tutur.