Bakı Dəmiryolu Vağzalı sərnişinlərə daha bir xidmət təqdim edib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, artıq SLEEP BOX (Yuxu qutusu) sərnişinlərin ixtiyarındadır.
“Uzaq yola çıxan sərnişinlər çox vaxt məhz Bakı Dəmiryolu Vağzalında qatar gözləməli olurlar. Bu səbəbdən sərnişinlər üçün istirahət otağı təşkil edilib. Qatarın yola düşməsinə bir neçə saat qalıb və özünüzü yorğun hiss edirsinizsə, bura sizin üçün ən uyğun məkan olacaq”, – deyə məlumatda qeyd olunub.
İlk dəfə sərnişinlərin istifadəsinə verilən SLEEP BOX-da qonaqlar 1 saatdan 3 saatadək dincələ bilərlər. “Yuxu qutusu”nda eyni vaxtda yalnız bir nəfər istirahət edə bilər. Yığcam və səliqəli otaqda sərnişinlər üçün tək çarpayı və televizor quraşdırılıb.
24 saat ərzində hostelin xidmətindən yararlanmaq olar. Bunun üçün əvvəlcə Məlumat bürosuna yaxınlaşıb şərtlərlə tanışa olmaq, sonra kassada ödəniş etmək lazımdır. Qiymətlər 1 saat üçün 13 manat, 2 və ya 3 saat dincəlmək üçün isə 30 manat müəyyən olunub.