“Bakı fəhləsi maşınqayırma zavodu” ASC-nin (BFMZ) 2024-cü il üzrə maliyyə nəticələrində xərclərin azalması fonunda mənfəətin ciddi şəkildə aşağı düşüb.
Banker.az bu barədə BFMZ-nin illik audit hesabatına istinadən xəbər verir.
Belə ki, müəssisənin əsas əməliyyat gəliri 2023-cü ildə 4 milyon 566 min manat olduğu halda, 2024-cü ildə bu göstərici 3 milyon 606 min manata enib.
Eyni dövrdə satışın maya dəyəri də azalıb. 2023-cü ildə 3 milyon 225 min manat olan bu xərc, 2024-cü ildə 2 milyon 734 min manata qədər geriləyib. Satışla bağlı istifadə edilən material ehtiyatları 1 milyon 767 min manatdan 1 milyon 127 min manata enərək xərclərin azalmasında əsas rol oynayıb. Həmçinin işçi heyəti üzrə əməkhaqqı xərcləri 2024-cü ildə bir qədər artsa da (274 min manatdan 278 min manata), amortizasiya xərcləri 421 min manatdan 399 min manata düşüb.
Göstərilən bu dəyişikliklər nəticəsində BFMZ-nin mənfəəti də azalıb. 2023-cü ildə 1 milyon 340 min manat xalis mənfəət əldə edilmişdisə, 2024-cü ildə bu rəqəm 872 min manata düşüb. Qeyd edək ki, mənfəət vergisi də azalıb – 268 min manatdan 174 min manata qədər.
Buna baxmayaraq, hesabat dövrü üzrə bölüşdürülməmiş mənfəətdə dəyişiklik olmayıb və əvvəlki kimi 1 milyon 72 min manat səviyyəsində qalıb.