Bakı Fond Birjasının (BFB) prioritet məqsədləri açıqlanıb.
Bunu Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Vüqar Namazov “Azərbaycan kapital bazarları. İmkanlar və perspektivlər” mövzusunda keçirilən konfransda deyib ki, rəhbərlik etdiyi qurum listinqin canlandırılması, şirkətlərin cəlb olunması, korporativ idarəetmənin təmərküzləşməsi, eləcə də açıq səhmdar cəmiyyəti və sahiblik düşüncə tərzinin fəlsəfəsinin formalaşdırılmasını əsas prioritetlərdən elan edib.
Onun sözlərinə görə, effektiv maliyyələşmə alətlərinin tətbiq edilməsi də əsas məqsədlərdəndir: “Bu gün Bakı Fond Birjasında 138 çeşiddə maliyyə aləti mövcuddur. Lakin bu alətləri düzgün olaraq qruplaşdırılması və məhsul halında investorlara təqdim olunması bir zərurətdir. Bu öhdəlik də bizim investisiya şirkətlərinin üzərinə düşür. Biz əsas hədəf emitentlərin və investorların kapital bazarlarına etibar və inamı daha da qabağa aparmaqdır”.
V. Namazov bildirib ki, BFB-də 3 mlrd. manatlıq bazarın kapitallaşması mövcuddur. Onun sözlərinə görə, təkcə BFB-nin dövriyyəsi cari vəziyyətdə 8 mlrd. manat təşkil edir ki, bu da ÜDM-ə nəzərən kifayət qədər yüksək rəqəmdir. “Maliyyə vəsaitlərini cəlb etmək üçün mütəşəkkil imkanlar var. Texnoloji həllər və hüquqi bazada mövcuddur”, – deyə o vurğulayıb.